azia.az
azia.az

Zahid Oruc: "Əliyevin dənizdən dənizə planı"

9-07-2021, 14:09

Zahid Oruc: "Əliyevin dənizdən dənizə planı"


"İki gün əvvəl prezident İlham Əliyevin iqtisadi rayonların xəritəsini Vətən Müharibəsinin parlaq nəticələrinə uyğunlaşdıran qərarı tarixi irsə hörmət nümunəsidir, ona görə bir sıra xarici informasiya vasitələrində sənədə siyasi yol xəritəsi adının verilməsini məntiqi qarşılamalıyıq. Konkret desək, ”Şərqi Zəngəzur” terminini Azərbaycanın itirdiyi tarixi ərazilərə iddiasının hüquqi aktı kimi qəbul edənlər oldu. Əlbəttə, indi İlham Əliyevin hər bir addımı təkcə qonşu dövlətlərdə deyil, eləcə də uzaq paytaxtlarda maraqla izlənir. Lakin biz ölkə rəhbərinin təkcə Xankəndinin, Xocalının, Xocavəndin daxil olduğu Qarabağa hədəfləndiyini deyil, daha böyük məqsədlərə, o cümlədən “Qərbi Zəngəzur” dəhlizinə qədər uzanan planlarına region dövlətlərinə ərazi iddiası deyil, bir vaxtlar üç dəniz əfsanəsi adlandırılan layihələrin davamı kimi baxmalıyıq".

Bunu millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədri xatırladıb ki, Bakı-Tiflis-Ceyhan və Cənub Qaz dəhlizi ilə iki qitə arasında etibarlı körpülər qurandan sonra ölkəmiz dəmir yollarının yeni coğrafiyasını inşa edərək Avrasiyanı iqtisadi-ticarət yolları ilə bir-birinə bağlamağa nail olmuşdu:

"Bununla da İlham Əliyev son iki yüz ildə ilk dəfə ölkəmizi Rusiya və İran, Rusiya və Türkiyə, eləcə də Türkiyə və İran arasında tarixən məruz qaldığı savaş meydanına deyil, davamlı əməkdaşlıq və uzlaşma məkanına çevirməyi bacardı. Halbuki üç dənizi birləşdirmək planı nə qədər paradoksal olsa da, dənizi olmayan ermənilərə məxsusdur - onlar Qara dənizə, Aralıq dənizinə və Xəzərə çıxış əldə etmək istəyirdilər, əvəzində indi dənizdən dənizə planını İlham Əliyev özünün qurucu və strateji ağlı ilə heç bir qonşu dövlətə torpaq iddiası etmədən, bir-biri ilə soyuq savaşda olan dövlətləri belə siyasi coğrafiyası özündən böyük olan Azərbaycan ətrafında birləşdirərək həyata keçirir".

Millət vəkili vurğulayıb ki, Gülüstan sarayında qalib ordu heyəti ilə görüş də, Ələt limanından Zəngəzura gedəcək yollar da, Füzulidəki hava limanı da dünyaya və ilk növbədə ermənilərə verilən mesajdır:

"işğalçılıq planları ilə nə Aralıq və Qara dənizə, nə də Xəzərə əliniz çatacaq. İndi ən başlıca vəzifəmiz, azad torpaqlarda görülən işlər haqqında hər gün Hərbi-Mülki Qərargah tərəfindən xalqımıza açıq məlumat verməkdir. Sonuncu Azərbaycan vətəndaşı doğma yurduna qayıdana qədər daimi fəaliyyət göstərən və qaynar xətti, fəal iş rejimi olan Qərargahın işini dayandırmamalıyıq.Biz qələbəmizi informasiya məkanını zəbt edən intriqalarla gözdən salmamalıyıq.

Bəli, İlham Əliyev bizi strateji ağlı ilə Qarabağa qaytardı, indi biz həmin ağılla türkə qardaş, yəhudiyə, ingilisə, rusa dost, İrana özümüz kimi baxıb, daha böyük hədəflərə köklənməyi bacarmalıyıq!"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi