azia.az
azia.az

Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır

10-10-2019, 10:23

Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Putin İrəvandan gedəndən sonra “Kreml ”düyməyə" basıb" iddiası ciddiləşir; Rusiya vətəndaşı Ermənistan prezidentinin baş müşaviri oldu; Paşinyan isə baş müşavirini işdən çıxardı...
Ermənistanın yuxarı hakimiyyət eşelonunda maraqlı proseslər gedir. Söhbət təkcə baş nazir Nikol Paşinyan və onun başçılıq elədiyi hökumətdən, az öncə daxili işlər naziri və təhlükəsizlik xidməti rəhbərinin qalmaqallı istefalarından getmir. Həm də ölkənin prezidenti olan, lakin hələ ki 1-ci şəxsi olmayan Armen Sərkisyan ətrafında yeni gəlişmələrdən gedir.

Müşahidələr söyləməyə əsas verir ki, Nikol Paşinyan hakimiyyətdə olduğu ilyarım ərzində hələ də özü üçün uğurlu və çevik komanda formalaşdırıb başa çatdıra bilməyib. Dünən məlum olub ki, o, baş müşaviri Valeri Osipyanı da öz vəzifəsindən azad edib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu oktyabrın 8-də Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bu il sentyabrın 18-də Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa vermişdi. Bundan sonra N.Paşinyan onu özünə baş müşavir təyin etmişdi. Daha çox da o səbəbə ki, hakim komandada ciddi daxili parçalanma olmadığı görüntüsünü yaratmaq üçün...

Maraqlıdır ki, təxminən eyni vaxtda prezident Armen Sərkisyan özünə yeni baş müşavir təyin edib. “Yeni Müsavat” Rusiyadakı “Kommersant” nərinə istinadən xəbər verir ki, bu, nə qədər qəribə də olsa, Rusiya vətəndaşı Georgi Asatryandır.

Qəzetə danışan mənbə deyib ki, G.Asatryan Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sərkisyan arasında “əlaqələri möhkəmlətməklə” məşğul olacaq. Həmçinin iki ölkənin prezident administrasiyaları arasında təmasların güclənməsinə çalışacaq. O da bildirilir ki, öz işini o, ştatdankənar rejimdə və ictimai əsaslarla həyata keçirəcək. “Kommersant” bu haqda diplomatik dairələrdəki mənbələrə istinadla yazıb.

Bildirilir ki, Asatryan tarix elmləri namizədi, Əfqanıstan və antiterror fəaliyyəti üzrə mütəxəssisdir. Rusiyada təhsil alıb. Əvvəllər “Valday” Beynəlxalq Diskussiya Klubunda və “Beynəlxalq İşlər üzrə Rusiya Şurasında” işləyib, habelə “Kommersan”da və TASS-da məqalələrlə çıxış edib. Gizli konsaltinqlə məşğul olub. Onun müştəriləri arasında beynəlxalq biznesin nümayəndələri, həmçinin Rusiyanın Təhlükəsizlik Şurası da daxil, hökumət strukturları, həmçinin xarici dövlətlərin Moskvadakı səfirlikləri olub. Bir sözlə, o, Rusiyanın adamıdır.

Paşinyan ile ilgili görsel sonucu

Nəşr onu da dəqiqləşdirib ki, Georgi Asatryanın təyinatı haqda qərar Putinin İrəvana 1 oktyabr səfərindən dərhal sonra verilib. Ən maraqlısı da elə budur. Görünür, İrəvan səfəri zamanı Kreml başçısı komandası əsasən “Soros uşaqları” və rusofoblardan ibarət olan Paşinyanla bağlı mövqeyini qətiləşdirib. Rusiya liderinin hətta “düyməyə” basdığı deyilir. Moskva üçün Paşinyana ən yaxşı alternativ isə prezident Armen Sərksiyan ola bilər.

Təbii ki, Rusiya bu yöndə prosesləri süni şəkildə tələsdirməyəcək, uyğun məqamı, daha dəqiqi, Nikol Paşinyanın daxildə tam gözdən və nüfuzdan düşməsini, “ayağının sürüşməsi”ni gözləyəcək. Bunun üçün Moskva öz tərəfindən minimum gərəkənləri də sözsüz ki, edəcək. Məsələn, Ermənistana satılan qazı azca bahalaşdırmaqla Putin payız-qış mövsümündə Paşinyanın reytinqinə ciddi zərbə vura bilər. Yeri gəlmişkən, yerli KİV-lər bu haqda xeyli vaxtdır yazır.
ada salaq ki, ilin əvvəlində ABŞ-ın Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi rəy sorğusu inqilabdan sonra ilk dəfə Nikol Paşinyanın reytinqinin Armen Sərksiyandan geri qaldığını aşkarlamışdı - 53 və 64%. Hazırda isə baş nazir Nikol Paşinyandan ictimai narazılıq daha böyükdür. Çünki onun xalqa verdiyi vədlərdən heç biri reallaşmayıb. Ölkədə nə iqtisadi inqilab baş verib, nə əhalinin güzəranı yaxşılaşıb və vəd edilən iş yerləri açılıb, nə də iş qabiliyyətli adamların ölkədən kütləvi köçü dayanıb. Dağlıq Qarabağ məsələsində Paşinyanın tutduğu naşı və avantürist mövqe də öz yerində.

Onu da xatırladaq ki, Nikol Paşinyanı baş nazir postuna parlament təyin edib. Həmin parlament də fors-major vəziyyətdə onu geri çağırıb başqası ilə, tutaq ki, Armen Sərkisyanla əvəzləyə bilir. Doğrudur, keçən il dekabrın 9-da keçirilmiş növbədənkənar seçkilərlə formalaşan təzə parlamentdə əksəriyyət Paşinyan tərəfdarlarından ibarətdir. Ancaq ölkədə vəziyyət qarışarsa, yeni tərkib böhrandan çıxmaq üçün yeni “məxməri inqilaba” da qol qoya bilər. Ermənistanın yaxın tarixində belə hallar az olmayıb. Yəni Paşinyanın qurban verilməsi nəzəri cəhətcə istisna deyil...

“Yeni Müsavat”ın analitik xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi