Gəncədə aptekdə qadağan olunmuş dərmanlar aşkarlandı
Gəncə şəhəri Dədə Qorqud prospektində fəaliyyət göstərən aptekdən külli miqdarda psixotrip və tərkibi məlum olmayan dərmanlar aşkarlanıb. Baş narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli dərmanların ticarəti ilə məşğul olan Nazilə Cəfərova və Aqil Kazımov saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxslər uzun müddət cinayət yolu ilə psixotrip həblərin satışı ilə məşğul olublar. Əməliyyat nəticəsində aşkarlanan dərmanlar xarici ölkələrdə istehsal edilir və onların istifadəsi, eyni zamanda satışı cinayət əməli hesab olunur.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəis əvəzi Ceyhun İsmayılov baxış zamanı həmin aptekdən 580 ədəd psixotrop dərman aşkarlanaraq götürüldüyünü bildirib.
Cinayət yolu ilə yüksək gəlir əldə etmək istəyən Nazilə Cəfərova və Aqil Kazımov peşman olduqlarını dilə gətiriblər. Maraqlıdır ki, Nazilə Cəfərova və Aqil Kazımovun çalışdırdığı aptekin qanuni fəaliyyəti üçün heç bir rəsmi sənədi də olmayıb. Faktla bağlı Cinayyət Məcəlləsinin 240 cı maddəsiylə cinayyət işi açılıb.