Dörd uşağa baxan həyatdolu ana: 'Heç kimdən gözləntimiz yoxdur' - VİDEO
Bakıda dördəmlərə sahib Mürşüdlü ailəsi böyük marağa səbəb olub.
Azia.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, Lamiyə Mürşüdlü ötən ilin iyununda beşəm dünyaya gətirib, 20 gün sonra onlardan biri həyatda qalmayıb.
Dörd körpənin - Turan, Emin, Alesya və Altayın evə gəlməsi ilə ailənin yeni həyatı başlayıb.
Uşaqların anası qeyd edib ki, ailənin xərcləri olduqca yüksəkdir: “Maddi olaraq onu qarşılaya bilmirəm. Evdə işləyən yalnız həyat yoldaşımdır. Yoldaşımın gəliri 800 AZN-dir. Bir neçə dayə xidməti ilə əlaqə saxladıq, qiymətlərlə maraqlandıq. 4 uşaq üçün minimal qiymət 800-1000 AZN-dir. Belə çıxır ki, mən yoldaşımın maaşını verib, özüm ac oturmalıyam”.
Ailə 24 kvadrat metrlik mənzildə yaşadığından körpələr dörd çarpayıda yox, iki çarpayıda iki-iki yatır. Lamiyə Mürşüdlü bildirib ki, qida və bezlə təmin olunurlar. Ailə olaraq hökumətdən və ya ayrı-ayrı şəxslərdən heç bir gözləntiləri yoxdur: “Önəmli olan şey onların sağlamlığıdır. Əgər səhhətlərində bir problem yoxdursa, yerdə qalan hər şey zamanla və biz valideynləri olaraq əziyyətimizlə qazanılacaq şeylərdir. Əgər əlimizi əlimizin üzərinə qoyub kimdənsə nəsə gözləsək, biz heç vaxt nəsə edə bilmərik”.