Bibiheybətdə dənizi torpaqla dolduran kimdir - Xəzər yenə hasarlanır, insanların son nəfəsliyi də qapadılır
Ötən illərdə Səngəçaldan ta Bibiheybət məscidinə, Zirədən Novxanıya qədər Xəzəri məmur-oliqarxlar "dədə mülkü" kimi hasarlayıblar. Cənub istiqamətindən - Qaradağ tərəfdən paytaxta gələrkən insanlar illərdir sahil əvəzinə hündür hasarlar görür: Kimi villa tikib, kimi restoran açıb və paralel olaraq da sahil mühafizə zolağını zəbt edib.
Bakının cənub girişində yalnız kiçik bir ərazi qalmışdı ki, vətəndaşlar oradan doğma Xəzərin sahilinə sərbəst daxil ola bilirdilər.
Artıq onu da çox gördülər vətəndaşlara...
Bu qədər islahatlar gedir, həbslər olur, amma yenə də dənizi nəinki zəbt etməkdən, Xəzəri torpaqlayıb doldurmaqdan belə çəkinmir hansısa işbaz.
Hər yer üzümüzə qapadılandan sonra Bibiheybət məscidinin arxasında çox kiçik bir ərazi qalmışdı ki, insanlar ora gedib balıq tutur, hava alırdılar, dincəlir, qayalıqda şəkil çəkdirirdilər.
Bir neçə gündür həmin ərazini də hasarlamağa başlayıblar.
İlkin araşdırmamız zamanı məlum olub ki, sahildən 250-300 metr aralıdakı keçmiş sanatoriyanın yarıuçuq binasını və onun ərazisini kimsə alıb. Buna bir sözümüz yoxdur, hələ sovetlər dövründə dənizin 300 metrlyindəki bu obyekt mövcud olub, kimsəyə də maneçilik törətməyib.
Sanatoriyan ərazisi bu şəkildə görünən hasardan təxminən 50-60 metr yuxarıda bitir, torpaqla doldurulan ərazi isə iki gün öncəyədək qumluq, qayalıq idi, indi dənizi doldurub, yol salırlar...
Faktiki olaraq sanatoriyanın ərazisini alan kimdirsə, sahil mühafizə zolağını düzləyə-düzləyə dənizin içinə girib, nəinki açıq sahili, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin ərazisini də zəbt edir.
Köhnə gəmi-barjanın yanında da artıq bir neçə metr ərazidə dənizi torpaqlayıb (ətrafdakı dəmir parçaları, zibil, su qablarını da buldozerin qabağına qatıb dənizə tökürlər) doldurublar da.
Ərazidə olan - balıq tutan, hava alan, dənizsevər insanlara da deyiblər ki, bura giriş yasaqlanacaq, qayalığa və barjanın üzərinə kimsə buraxılmayacaq...
Ölkədə çox pis bir ənənə formalaşıb: Sanki sadə vətəndaşları görməyə gözləri yoxdur, insanlar dənizi görə, dincələ bilməz.
Bakıda minlərlə həvəskar balıqçı var. Onları indi Qaradağ, Səngəçal istiqamətində tarixən balıq ovlanan, qayalıq ərazilərin heç birinə buraxmırlar. Hamısı zəbt edilib.
Yeganə olaraq vətəndaşlar Xəzərin sahilinə Bibiheybət məscidinin arxasından enə bilirdilər, o nəfəslik də artıq qapadılır.
Bir qrup vətəndaş bu özbaşınalıqla bağlı ölkə rəhbərliyinə müraciət ünvanlamağı qərara alıb.
Çox qəribədir, ölkədə aparılan islahatlar, qanunsuzluq edən məmurların həbsi digərlərinə dərs olmur.
Qanuna görə dənizi çəpərləmək olmaz, istənilən obyekt sahildən 150 metr aralıda olmalıdır. Ancaq bu adamlar dənizin özünü torpaqla doldurur...
E.Məmmədli