azia.az
azia.az

Ağasif Şakiroğlu: “Rusiya Qarabağ konfliktindən öz imicini düzəltmək üçün sui-istifadə edir”

3-05-2022, 07:35

Ağasif Şakiroğlu: “Rusiya Qarabağ konfliktindən öz imicini düzəltmək üçün sui-istifadə edir”
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu AzNews.az analitik-informasiya portalına müsahibə verib:



- Ağasif bəy, Gələcək Azərbaycan Partiyasının fəaliyyətindən danışaq. Partiya hansı istiqamətdə fəaliyyət göstərir, hansı hədəfləri var?



- Hazırda Gələcək Azərbaycan Partiyası təşkilatlanma işi ilə məşğuldur. Regionlarda təşkilatlanma, struktur quruculuğu, partiyanın kadr ehtiyyatının zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəririk. Çalışırıq ki, partiyanın keyfiyyətini, partiyanın siyasi fəaliyyətini artıraq. Yeni siyasi fiqurlar, siyasi şərhçilər, yetişdirilməsinə nail olaq. Əsas istiqamətimiz partiyanın kadr ehtiyyatını inkişaf etdirməkdir. Partiyanın sıralarını genişləndirməkdir. Gələcək Azərbaycan Partiyası gənc partiyalarda hesab olunur. 2014-cü ilin fevral ayında təsis edilib, 2020-ci ilin dekabrında dövlət qeydiyyatına alınmışıq. Hər bir siyasi partiya kimi qarşıdan gələn bələdiyyə, parlament və prezident seçkilərinə hazırlaşıb, qalib gəlmək niyyətindəyik.



- Partiyanın nə qədər üzvü var?



- Hazırda partiyamızın üzvlərinin sayı təqribən 15-16 min arasındır. Təbii ki, burda artma-azalma da müşahidə olunur. Ancaq gedənlərdən çox partiyaya üzv olanların say dinamikası daha yüksəkdir. Hədəfimiz 2022-ci ildə partiya üzvlərinin sayını 20 minə çatdırmaqdır.

Düşünürəm ki, bu istiqamətdə uğurla davam edirik.



- Azərbaycanla Ermənistan XİN başçıları arasında növbəti birbaşa təmas baş tutdu. Sizcə, ikili müzakirələr sülh prosesinin irəliyə aparılmasında nə qədər təsirlidir: Sülh sazişindən gözləntiniz nədir?



- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa təmas saxlamasını, Brüsseldə əldə olunmuş Azərbaycanın dövlət maraqlarını təmin edən 5 bəndlik razılaşma əsasında danışıqların aparılmasını yüksək qiymətləndirirəm. Ən əsası isə üçüncü tərəf olmadan birbaşa müzakirələrin aparılmasını daha faydalı hesab edirəm. Sülh sazişinin imzalanması mövzusunda nikbinəm. Dünyanın geopolitikası dəyişir, artıq dünya əvvəlki kimi idarə olunmayacaq. Hesab edirəm ki, 2023-cü ildə Azərbaycanla Ermənistan arasında böyük sülh sazişinin imzalanması real görünür.

Brüssel əldə olunan razılaşmalara xitab edərək demək mümkündür ki, danışıqlar bu tempdə gedərsə, sülh sazişinin imzalanması heç də uzaqda deyil.

Azərbaycan iqtidarının Qarabağ mövzusunda apardığı xarici siyasət Gələcək Azərbaycan Partiyası tərəfindən birmənalı olaraq dəstəklənir.



- Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, Azərbaycan və Ermənistan bir-birinə yaxınlaşmağa hazırdır. Siz necə düşünürsünüz, Rusiya həqiqətənmi bu məsələlərin həllində maraqlıdır?



- Mariya Zaxarovanın istər Azərbaycanın əleyhinə, istərsə də lehinə səsləndirdiyi hər hansı bəyanatı səmimi hesab etmirəm.



Mariya Zaxarovanın Azərbaycanla bağlı səsləndirdiyi çoxsaylı fikirləri var ki, o Azərbaycanın dövlət maraqlarına ziddir. Hazırda Rusiya dövləti faktiki olaraq dünyadan izolasiya olub. Ukraynaya qarşı işğalçılıq siyasəti aparır. Bu işğalçılıq siyasəti nəinki regionda dünyanın bütün dövlətləri tərəfindən pislənir. Rusiya beynəlxalq imicini reabilitasiya etmək üçün bu tip bəyanatlar səsləndirir. Yenə də bölgə də Rusiyanın nəzarəti ilə nələrinsə baş verdiyinə işarə edir. Rusiyanın eləcə də digər ölkələrin nə deməsindən , hansı mövqeydən çıxış etməsindən asılı olmayaraq Azərbaycan Ordusu 44 gün ərzində necə zəfər əldə etdisə, BMT-nin icra olunmayan 4 qətnaməsini dəmir yumuruqla necə icra etdisə, sülh sazişi, ikili münasibətlərin normallaşmasını da ya zorla, ya danışıqlar formatı ilə həyata keçirəcək.



Sadəcə beynəlxalq oyunçular var. Rusiya da bu oyunçulardan biridir. Dünyada itirdiyi imici bərpa etmək istəyir. Qarabağ, Azərbaycan-Ermənistan arasında olan konfliktlərdən öz imicini düzəltmək üçün sui-istifadə edir. Ancaq Rusiyanın mövqeyinin nə olmasından asılı olmayaraq , sülh sazişinin imzalanması heç də uzaqda deyil.



Mariya Zaxarova və Rusiyanın bəzi siyasətçilərin hər hansı fikirləri geniş formada şərh etməyi doğru hesab etmirəm. Brüssel görüşü baş tutub, görüşündə 5 bənd üzrə razılıq əldə olunub və komissiya yaradılıb. Tərəflər Brüssel görüşündən sonra təmasdadırlar.



Hesab edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aparacağı danışıqlar, yekunda Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri arasında yekun ortaq kompromisin tapılması ilə nəticələnəcək.



Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Azərbaycanın suveren ərazisində qanunsuz silahlı birləşmələri tərk silah etməlidir.

Azərbaycanın irəli sürdüyü təkliflərə və şərtlərə qeyri-şərtsiz əməl etməlidir.

Böyük sülh sazişini hər iki dövlətin rəsmilərinin aparacağı danışıqlarla əldə etmək olar.



- Azərbaycanın bu proseslərə mövqeyini, atılan addımları necə qiymətləndirisiniz?



- Azərbaycanın dövlət siyasətini və beynəlxalq siyasətdə tutduğu pozisiyanı, Qarabağla bağlı yürütdüyü siyasəti Gələcək Azərbaycan Partiyası alqışlayır və dəstəkləyir.



Azərbaycan iqtidarı ən mümkün variantda Azərbaycanın dövlət maraqlarının təmin olunması istiqamətində qətiyyətli siyasət yürüdür. Hesab edirik ki, bu günə qədər yürüdülmüş uğurlu xarici siyasət bundan sonra da davam etdiriləcək.



Yürüdülən uğurlu diplomatiya Azərbaycanla Ermənistanın sülh sazişini imzalaması ilə bitəcəkdir. Əminik ki, aparılan siyasət Azərbaycan tarixində yüzillərlə beynəlxalq siyasət mövzusunda öyrəniləcək və gələcək nəsillərə , diplomatlara tədris olunası böyük əsər olacaqdır.



- Davam etməkdə olan Rusiya-Ukrayna arasındakı müharibədə Kremlin nüvə silahından istifadə edəcəyi barədə müzakirələri də gündəmdədir. Necə düşünürsünüz, Rusiya buna əl ata bilərmi?



- Rusiya bir suverən dövlətin ərazisinə soxularaq işğalçılıqla məşğuldur. Belə bir dövlətdən hər şey gözləmək olar. Nüvə silahından istifadə Rusiyanın faciəsi ilə bitər. Bu Rusiyanın bir dövlət olaraq mövcud sərhədlərinin darmadağın olmasına, Rusiyanın nəznində onlarla yeni müstəqil dövlətlərin çıxması ilə nəticələnər. Rusiya dövlətinin tarixin arxivinə göndərə bilər. Rusiya Ukraynaya hücum etməzdən öncə üzləşə biləcəyi sanksiya, iqtisadi çətinliyi siyasi blokadanın fərqində idi.



Buna rəğmən bu ağılsızlığı edərək, öz boyunlarına intihar kəndiri keçirmiş oldular.



Hesab edirəm ki , Putin artıq özünə kontrolu itirib. Verdiyi qərarlar sağlam insan tərəfindən verilən qərarlara bənzəmir. Belə bir xəstə təfəkkürlü insandan hər şey gözləmək olar. Ancaq bu dünyanı qorxutmamalıdır.



Ukrayna xalqı şərəflə öz dövlətini ərazilərinin qorunması uğrunda müharibə aparır. Rusiya bir qədər də azğınlaşaraq nüvə silahına əl atarsa, bu Rusiya dövlətinin sonu ilə nəticələnəcək.



Düşünürəm ki, Putin bu haqda qərar vermiş olacaqsa, bu onun hakimiyyət daxili devrilməsi ilə də nəticələnə bilər.

Bu qərar Rusiyanı bir dövlət kimi məhvi demək olur.



- ABŞ Prezidenti Co Bayden Ukraynaya 33 milyard dollar yardım ayrılması üçün Konqresə müraciət edib. Bu vəziyyəti daha da gəginləşdirəcəkmi: Ukrayna-Rusiya müharibəsinin sonunu necə görürsünüz?



- ABŞ-nin mövqeyini ləngimiş hesab edirəm. Hesab edirəm ki, bu müraciət gecikmiş addımdır. Nə qədər gec olsa da burada söhbət bir suverən ölkənin ərazisinin qorunmasından gedir.



Ukrayna hansısa dövlətin ərazisinə soxulmayıb. Öz ərazisini işğal etmək istəyən dövlətə qarşı müdafiə olunur.



Hesab edirəm ki, nəinki ABŞ, Avropa dövlətləri dünyanın digər super dövlətləri Ukraynaya bu mövzuda siyasi dəstəklə yanaşı , hərbi və humanitar yardımlar etməlidir. Bu mövzuda Azərbaycanda humanitar yardımını dost Ukraynadan əsirgəmir. Müharibənin artıq uzun çəkməyəcəyini hesab edirəm. Proseslərin bu gedişi Rusiyanın bu müharibəni dayandırmaq məcburiyyətində qalacağına və sülh imzalamağa razı olacağına doğru gedir. Hər şey Ukraynanın müqavimətinin bundan sonra necə təşkil olunmasından asılıdır. Rusiya məğlub durumda sazişə imza atmağa məcbur olacaq. Rusiya artıq tükənib. Bunu göstərməmək üçün süni formada bu prosesi aparır. Ukraynanın yardımlar hesabına və xalqının əzmkar döyüş müqaviməti qarşısında Rusiya məcbur qalıb geri çəkiləcək. Rusiyanın məğlubiyyətinin şahidi olacağımız zaman uzaqda deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi