Yenilik: “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihə başlayır
Azərbaycan Dövlət YUĞ Teatrı “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihə həyata keçirir. Uzun müddətli silsilə tədbirləri nəzərdə tutan layihə milli teatr prosesində canlanma yaratmağa, teatrla cəmiyyət, teatr xadimləri, dramaturqlar, yazarlar, tələbələr arasında intensiv qarşılıqlı ünsiyyət yaratmağa yönəlib.
Bəlli həqiqətdir ki, teatr prosesini hərəkətə gətirən, yaşadan ən vacib amil qarşılıqlı ünsiyyətdir. Bu ünsiyyət yalnız teatr-tamaşaçı müstəvisində deyil, həmçinin teatrsevərlərin, bu sahəyə hər hansı bir səmərə vermək potensialına malik insanların arasında qurulmalıdır.
Dünya təcrübəsi göstərir ki, buna nail olmaq üçün müxtəlif tipli teatr festivallarının, konfransların, seminarların, treninqlərin, master-klassların, şou-keyslərin və s. tədbirlərin təşkili xüsusi önəm daşıyır. Gənc rejissor, aktyor, teatrşünas, dramaturq kadrlar məhz bu tipli tədbirlərdə aşkarlanır, yetişir və inkişaf edir. Odur ki, milli teatr prosesini canlandırmaq üçün Avropa teatr təcrübəsində sınaqdan keçmiş üsul və vasitələrin tətbiq edilməsi produktivdir.
Teatrlar və ictimaiyyət arasında yaradıcılıq mübadiləsini təmin etməklə yeni rejissor, aktyor, dramaturq kadrların aşkarlanmasına və onların aktiv teatr fəaliyyətinə cəlb olunmasına zəmin yaratmaq məqsədi daşıyan layihəmizdə bütün qələm və düşüncə sahiblərini görmək istərdik.
Layihə çərçivəsində ilk tədbir 14 mart tarixində saat 16.00-da gerçəkləşəcək. Müasir dramaturgiyanın problemlərinə həsr olunmuş tədbirdə Mehman Musabəylinin “Toy səyahəti” pyesinin teatrallaşdırılmış oxunuşundan sonra ingilis rejissor Metyu Qoldun iştirakı ilə seminar keçiriləcək. Sonra dramaturqların, teatrşünasların, rejissor və aktyorların, ədəbi tənqidçilərin, jurnalistlərin və tələbələrin iştirakı ilə müzakirə olacaq.