Habil Əliyevin maraqlı sevgi hekayəsi….
Xanımı ilə quru çörək, ət üzünə həsrət qalan, tramvaya pul tapmayan Habil Əliyevin maraqlı sevgi hekayəsi….
Habil Əliyevin atası 30-cu illərdə qolçomaq kimi tutulub həbsdə vəfat edir. Böyük qardaşı müharibəyə gedir. Ailəni – böyük külfəti 13 yaşlı Habil dolandırmalı olur. 6 yaşından öyrəndiyi kamança ifası 13 yaşında ona çörəkpulu qazandırır.
“Bəzi qohumlar məni dindirmirdi ki, Habil Ağdaşda kamança çalıb bizim adımızı batıracaq. İllər sonra həmin qohumlarım Bakıya gəlib, xahiş edirdilər ki, filan problemimizi həll et, səni eşidərlər”, - deyə ifaçı xatırlayırdı.
Habil Əliyev ifaçı kimi dəvət olunduğu toyda Şərqiyyə adlı qızı görüb bəyənir. Baxır ki, ətrafdakı qadınlar bunu anlayıb qıza xəbər veriblər. Amma qız qətiyyətlə bildirir ki, Habil Əliyev musiqi təhsili almasa, onunla ailə qurmayacaq. Habil Əliyev də əlacsız qalıb təhsil almaqçün Bakıya yollanlr.
Cütlük nişanlanır. Qəribədir ki, Şərqiyyə Habilin nişan üzüyünü barmağına taxmırmiş. Amma sonra Habilin qayğıkeşliyi və ailəcanlılığı qızda ona qarşı sevgi yaradır. Bir müddət sonra isə Şərqiyyə ali məktəbə daxil olur.
Gənc ailə Bakıda ehtiyac içində yaşayırdı. Habil Əliyevin xanəndələri müşayiət etmək üçün səhnə kostyumu yox idi. O, yaxın qohumunun boz kostyumunu alıb rənglətmişdi.
“Elə vaxt olub, qışda corabım olmadığından məktəbə gedə bilməmişəm. Corab almağa pulumuz yox idi. Habil soruşurdu ki, niyə məktəbə getmədin? Yalandan deyirdim ki, bu gün mühazirəmiz yoxdur. Elə günlərimiz olub ki, evdə yeməyə quru çörəyimiz belə olmayıb. Aylarla ət, toyuq yemirdik. Habil mənə 5 qəpik verirdi ki, sən dərsə tramvayla get, mən piyada gedərəm. O, cəmi 26 manat, mən isə 40 manat təqaüd alırdım. Buna baxmayaraq, bir-birimizin xətrinə dəymirdik. Əksinə, get-gedə bir-birimizə daha çox isinişdik. Sonradan elə günlərimiz başladı ki. O, qastrollardan bəzən mənə 3-4 ayaqqabı, paltarlar alırdı, amma özünə heç nə almırdı. Deyirdi ki, kişi bəzəkli paltar geyinməz. Bəzən restoranlarda yediyi kabablardan, balıq ətindən sifariş verib evə gətirirdi ki, mən orada kabab, balıq yedim, amma sən evdə qaldın, o yeməklərdən yemədin, buyur, sən də ye”, - deyə xanımı Şərqiyyə Əliyeva o günləri böyük sevgi ilə xatırlayırdı.
Ruhları şad olsun