azia.az
azia.az

Maddi çətinliklərə görə seks işçisi olanların "sayı artır"

3-04-2022, 08:47


"Bu işlə məşğul olduğum üçün utanıram, amma başqa seçimim varmı?" Tehran sakini, ərindən boşanmış Neda belə deyir.

Neda gündüzlər saç ustası işləyir, amma dolana bilmək üçün gecələr ikinci bir işlə məşğul olmağa - bədənini satmağa məcbur olduğunu bildirir.
Maddi çətinliklərə görə seks işçisi olanların "sayı artır"
"Qadınlara hörmət qoyulmayan, iqtisadiyyatı çökmüş və qiymətlərin az qala hər gün artdığı bir ölkədə yaşayıram" deyən gənc qadın subay olduğunu bildirir: "Oğlumu böyütməliyəm. Fahişəlikdə qazanc çoxdur. Şəhər mərkəzində kiçik bir ev almaq istəyirəm. Həyatımın kədərli reallığı belədir. Sözün həqiqi mənasında ruhumu satıram".

İran 2012-ci ildə fahişəliklə mübarizə üçün milli proqram qəbul edib. Amma qeyri-hökumət təşkilatlarının (QHT) və araşdırmaçıların rəsmi olmayan hesabatlarına görə, sonrakı illərdə seks sektorunda çalışanların sayı artmaqda davam edib.

İranın mühafizəkar dini qurumu uzun müddətdir ki, ölkədə seks işçilərinin olduğunu inkar edir. Rəsmilər fahişəliyi ya gəncləri korlamaq istəyən Qərbin əməli adlandırırlar, ya da qadınları vicdansız kişilərlə münasibət qurub özlərinə problem yaratmaqda ittiham edirlər.

Qeyri-rəsmi məlumatlar göstərir ki, İranda seks işçiliyilə məşğul olanlar arasında gənclərin sayı artmaqdadır. Müxtəlif QHT-lərdən toplanan statistikaya görə, 2016-cı ildə 12 yaşlı qızlar da fahişəliklə məşğul olublar.

Narkotik asılılığı olan qadınların müalicəsini təşkil edən "Aftab Society" təşkilatının (İran) məlumatına görə, 2019-cu ildə təxminən 35 faizi ərdə olan 10 min qadın seks işçisi kimi çalışıb.

Tehran Universitetinin professoru Əmir Mahmud Hariçi deyir ki, paytaxtdakı qadın seks işçilərinin sayı bundan iki dəfə çox ola bilər.

Böyük risklər

İranda qadınların iş imkanları daha azdır, gender bərabərliyinə əməl olunmur, ona görə də yoxsulluq həddindən aşağıda yaşayan bir çox qadın pul müqabilində cinsi əlaqəyə girməli olur. Amma bu biznesdə böyük risklər var.

"Kişilər İranda fahişəliyin qadağan edildiyini və qadınların ciddi şəkildə cəzalandırıldığını bilirlər, ona görə də bundan istifadə edirlər. Məsələn, mən bir nəfərlə bir neçə dəfə cinsi əlaqədə oldum, o pul vermədi, amma mən rəsmi şəkildə ondan şikayət edə bilmədim" - Tehrandakı universitetlərdən birinin tələbəsi, seks işçisi Mahnaz belə deyir.

O, Tehranda qiymətlərin çox yüksək olduğunu və hər hansı başqa işdə çalışmaqla xərclərini ödəyə bilməyəcəyini vurğulayır.

"Mütə nikahı"

1979-cu ildəki İran İslam İnqilabından sonra qurulan yeni rejim bir çox seks işçisini edam etdi, fahişəxanaları bağladı. Qadınlarla cinsi əlaqəni qanuniləşdirmək üçün "zevc-i mütə" və ya "mütə nikahı" kimi bilinən qayda daha çox yayıldı.

İranın şiə islamı sistemində "mütə nikahına" icazə verilir və bu, fahişəlik hesab edilmir. Bu adət şiələrin dünyanın hər yerindən ziyarətə gəldikləri Məşhəd və Qum şəhərlərində daha yayğındır.

Sosial şəbəkələrdə paylaşılan videolarda iraqlı kişilərin Məşhəddə cinsi əlaqə haqqında arzuları və onlarla evliliyin müvəqqəti olduğunu deyən rəsmilərin açıqlamaları yer alır.

"Telegram" və "WhatsApp" da daxil olmaqla, hazırda İranda "muta nikahı" təklif edən saysız-hesabsız onlayn xidmətlər var və bu qruplar hökumətin icazəsiylə fəaliyyət göstərdiklərini iddia edirlər.

Sanksiyaların təsiri

Fahişəliyin artmasının səbəblərindən biri də yaşayışın bahalaşmasıdır. Buna İranın nüvə proqramına görə ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar da təsir edir. İllik inflyasiya 48,6 faizə çatıb. İşsizliyin artmasıyla yanaşı, işləyənlərin normal maaş ala bilməsi də ciddi problemə çevrilib.

Bu şəraitdə qadınlarla pul qarşılığında cinsi əlaqəyə girən 20-35 yaşlı kişilərin də sayında artım olub. Kişi seks işçisi İranın böyük şəhərlərində yayılmış fenomendir.

Onlardan biri - supermarketdə kassir işləyən 28 yaşlı Kamyar ötən ilə qədər ailəsiylə birlikdə yaşayıb, atasının yardımı olmadan xərclərini ödəyə bilməyib. İndisə o, Tehranın mərkəzində kirayə ev tuta bilir və günlərin birində xaricə köçməyi planlaşdırır.

"Müştərilərimi sosial şəbəkələr vasitəsilə tapıram. Əsasən 30-40 yaşlı qadınlardır. Vaxtilə 54 yaşlı müştərim də olub. Mənimlə yaxşı davranırlar, yaxşı pul verirlər, gecələr onların evində qalıram. Xidmətimlə bağlı məlumat ağızdan ağıza yayıldığı üçün müştərilərimin sayı artır" - Kamyar belə deyir.

O, ixtisasca mühəndisdir, amma bu sahədə özü üçün perspektiv görmür:

"Mühəndis olmaq çoxdankı arzumuydu, amma o sahədə mənə iş yoxdur. Bir qız sevirdim, yaxşı işim olmadığı üçün evlənə bilmədik. Təbii ki, pula görə tanımadığım insanlarla yatmaq gəncliyimin ən böyük xəyalı deyildi, bu işlə məşğul olduğuma görə qürur duymuram. Əksinə, utanıram. Amma xərclərimi bu iş sayəsində ödəyirəm. Gələcəyimlə bağlı ancaq kədərli xəyallar qura bildiyim ölkədəyəm".

Bu yazıda haqqında bəhs edilən şəxslərin adları təhlükəsizlik məqsədilə dəyişdirilib.


BBC


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi