Sahibkar və menecerlər üçün seminar keçirilir
Azia.az-a verilən məlumata görə,Fevralın 6-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün 2 günlük seminar təşkil olunub.
Tədbirdə Almaniyanın "Beynəlxalq Akademiya" Tədris Mərkəzinin nümayəndələri - Timo Tekhaus və Roman Husnutinov sahibkar və menecerlərə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”, beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması mövzularında məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 16 sahibkar və menecerdən ibarət ilk qrup 25 mart – 19 aprel 2019-cu il tarixlərində Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim, istehsal müəssisələrində isə təcrübə keçəcək. İndiyədək 379 sahibkar və menecer bu Proqram çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
Aybəniz Abdulova