Azərbaycanda həkimin yanlış əməliyyatına görə 7 yaşlı Murad Şaldyevin barmağının yarısı kəsilib.
Bu barədə Azia.az-a açıqlamasında Murad Şaldyevin anası Pərvanə Şaldyeva bildirib.
O qeyd edib ki, bu ilin oktyabrın 16-da oğlu həyətdə "samakat" sürərkən daşa dəyib yıxılıb:
"Biz həmin zaman uşağı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna apardıq. Orada rentgen çəkilib, diaqnoz qoyuldu. Uşağın əlinə gips qoyulduqdan sonra dedilər ki, sabah səhər 09:00-da gətirin, təcili əməliyyat olunmalıdır. Biz də uşağı evə gətirdik. Evə gələndə Vaqif Qələndərli ilə əlaqə saxladıq. Onun bizimlə qohumluğu da çıxdı. Dedik ki, siz bu əməliyyatı edə bilərsinizmi? O da bildirdi ki, bu əməliyyatı Azərbaycanda məndən başqa heç kim edə bilməz. Bir sözlə, özünü tərifləməyə başladı. Mən də anayam, istəyirəm ki, oğlumu savadlı həkim əməliyyat etsin. Səhər uşağı Vaqif Qələndərlinin yanına aprdıq. O, rentgen etmədən telefonumuzdakı şəkilə baxaraq uşağı əməliyyat etdi. Sonradan bilmişik ki, onun klinikasında ümumiyyətlə rentgen aparatı yoxdur. Əməliyyatdan sonra dedi ki, 3 gündən bir sarğını dəyişməyə gətir. Uşaq əməliyyatdan sonra bir gecə qaldı. 1 həftədən sonra o, Amerikaya getdi. Həkimə dedim ki, bəs uşağın əli necə olacaq. O da dedi ki, hələ 3 aya sağalacaq, ona kimi gələcəyəm".
Pərvanə Şaldyeva vurğulayıb ki, həkim gedəndən sonra uşağın əlindən iy gəlməyə başlayıb:
"Tibb bacıları dedi ki, narahat olmayın. Heç bir problem yoxdu. Bunu dayıma dedim. O da uşağın şəklini çəkib göndərməyi söylədi. Daha sonra isə uşağın əlini başqa həkimlərə də göstərdik. Bütün həkimlər dedi ki, uşağın barmağı çürüməyə başlayır. Dedilər ki, həkim görmür ki, uşağın barmağı nə günə düşüb? Şəkli Türkiyəyədəki həkimlərə də atdıq. Onda o bildirdi ki, uşağı ikinci əməliyyata götürürəm. Noyabrın 13-də ikinci əməliyyatda o, uşağın barmağının yarısını kəsdi. Biz dedik ki, siz bizə belə bir şey deməmişdiniz. Vaqif Qələndərli də bildirdi ki, alınmadı".
Pərvanə Şaldyeva söyləyib ki, uşağı Yenidən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparıblar: "Əməliyyat zaman mil qoyulmalıydı. O mil qoyulmayıb. Sümük içəridə qırıq-qırıq olub. O da barmağın üzünü tikib, sümüklər içəridə qalıb. Ona görə çürümə olub. İkinci əməliyyat da çox pis olunub. Uşağın hazırki vəziyyəti problemlidir. Həkim nəzarətindədir. Oğlumun başına gətirilən hadisələrə görə Respublika Prokurorluğuna və cənab Prezidentimiz İlham Əliyevə də məktub yazmışam. Hazırda iş prokurorluqdadır. Sən demə, əməliyyatdan öncə valideyn qol çəkir. Mən onu indi bilmişəm. O, mənim adımdan saxta sənəd düzəldib, imza da atıb. Atılan imza nə mənim, nə də atasına aid deyil".
Pərvanə Şaldyevanın iddialarına cavab verməsi üçün Vaqif Qələndərli ilə əlaqə saxlasaq da zəngimizə cavab verməyib.
Aybəniz Abdulova