Əhəd Abıyev hakimiyyətə qarşı – icra başçısının pulu kəsilib deyə
Bu günlərdə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirdi. Ölkə başçısı həmin iclasda əksər sahələrlə bağlı olduqca sərt tənqidi fikirlər söylədi. İ.Əliyev korrupsioner, rüşvətxor məmurlara ciddi xəbərdarlıqlar etdi. Prezidentin əsas hədəfi Bakı şəhərində xaos yaradan, qanunsuz əməlləri ilə paytaxtı pis günə salan məmurlar idi. Ölkə başçısı cəmiyyəti illərdir narahat edən əksər məsələlər haqda danışdı. O, marşrut avtobusların qanunsuz fəaliyyətini, paytaxta ağacların kəsilməsini, tikinti sahəsindəki özbaşınalıqları, köçkünlərə tikilən evlərdəki maxinasiyaları sərt dillə tənqid etdi. Bu xoşagəlməz işlərlə məşğul olan məmurlara xəbərdarlıq etdi.
Ölkə başçısının bu cür çıxışları vaxtaşırı olur. Amma etiraf etmək lazımdır ki, sonuncu müşavirədəki çıxışı indiyədək olanlardan ciddi fərqlənirdi. Prezident konkret sahələrdəki qanunsuzluqları bir-bir göstərərək danışırdı.
Amma çox təəssüf ki, Bakıdan 100 kilometrlərlə uzaqda yerləşən rayonlarda da vəziyyət ürəkaçan deyil. Rayon icra hakimiyyətləri xalqa çox əziyyət verir. Əksər icra başçıları vətəndaşları dövlətdən narazı salmaqla məşğuldurlar. Paytaxtdakı problemlər haqda ölkə başçısına detallı bilgilər verilir. Lakin görünür bölgələrdə gedən proseslər İlham Əliyevə nəyə görəsə çatdırılmır.
Düzdür, prezident dəfələrlə öz çıxışlarında yerli icra hakimiyyəti strukturlarının vəzifəli şəxslərinə xəbərdarlıqlar edib, onları xalqı incitməməyə çağırıb, vətəndaşlara qüsursuz xidmət göstərməyə səsləyib. Təəssüf ki, əksər İH başçıları dövlət başçısının iradlarını, tövsiyə və tapşırıqlarını qulaqardına vurur.
Belə icra başçılarından biri də Əhəd Abıyevdir. Daşkəsənə icra başçısı təyin edildiyi 8 ildə onun gördüyü (əslində görmədiyi) işlər yoxlansa, hansı faktların ortaya çıxacağı əksəriyyətə bəllidir. Daşkəsən rayonu ucqarda yerləşir. Ermənistanla sərhəddir. Əlverişsiz relyefi, çətin təbiəti var. Orada yaşamaq əslində qəhrəmanlıq tələb edir. Yerli sakinlərə dəstək verilməli, onların həyat şəraiti asanlaşdırılmalıdır. Bunun üçün dövlət uzun illər Daşkəsən rayonuna ciddi büdcə ayırıb. Lakin Əhəd Abıyev dövlət büdcəsindən ayrılmış 100 milyonlarla vəsaiti lazımi ünvanlara xərcləmir.
Əhəd Abıyev başçı olduğu müddətdə Daşkəsəndə satmadığı torpaq qalmayıb. Xaşbulaq kəndində 1 qarış olsun torpaq qalmayıb. Ə.Abıyev sotunu 5 min manatdan satıb.
O, yerli sakinlərlə də normal davranmır. Vaxtaşırı başçının müharibə veteranları, şəhid ailələri ilə davaları haqda mətbuatda xəbərlər dərc olunur. Onun sonuncu belə davası aprel döyüşlərində qolunu itirmiş qazimiz Arzu Məmmədovla olub. A.Məmmədov Əhəd Abıyevin ondan rüşvət aldığını, aldatdığını, sonra da təhdid etdiyini bildirib. Sual olunur, Vətən yolunda qolunu itirmiş qazini ev vermək adıyla aldadıb pulunu mənimsəmiş bir icra başçısı Ermənistanla sərhəddə yerləşən Daşkəsəni necə qoruya bilər?! Nə yaxşı sərhəd rayonlarımızın müdafiəsi tamahkar icra başçılarının ümidinə buraxılmayıb. Çox şükürlər olsun ki, Azərbaycanın rəşadətli Ordusu Vətən torpağını gecə-gündüz düşməndən qoruyur. Amma Əhəd Abıyev kimi məmurlardan Azərbaycanı necə qoruyaq, bu, hələ aydın deyil.
Əhəd Abıyevlə Arzu Məmmədovun “davasından” bəhs edən yazını bu linklərdən oxuya bilərsiz:
https://yenicag.az/ehed-abiyev-aprel-qazisine-20-min-atib-meni-aldatdi-13-min-kredit-7-min-selem-goturdum/
http://arqument.az/az/aprel-qazisi-ehed-abyev-isisi-ile-elbir-olub-mene-20-min-manat-pul-atb/#.W8RbS9czb4Y
Artıq Əhəd Abıyevin hakimiyyətə açıq şəkildə çıxdığı deyilir. Daşkəsənə ayrılan vəsait azalandan Abıyev orda-burda iqtidarın ünvanına yaxşı-yaman sözlər danışır. Bu cür etibarsız məmurların sabah bir balaca hakimiyyətin ayağı büdrəyəcəyi təqdirdə hansı mövqe tutacağı indidən bəllidir. İnanırıq ki, prezident İlham Əliyev təkcə Bakını işğal etmiş məmurlara deyil, rayonları da işğal edən, xalqa zülm edən məmurlara da öz layiq olduqları yerlərini göstəcək. (avrasiya.net)