DSMF sistemində korrupsiya zülməti - İTTİHAM
“Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində qısa müddətdə ciddi dönüşə nail olunmalı, sosial sığorta sistemi təkmil iş mexanizmlərinə əsaslanmalı, sosial təminat növləri üzrə əhaliyə xidmətlərdə şəffaflıq və sosial ədalət tam təmin edilməlidir. ”
Azia.az xəbər verir ki, bu sözləri cənab Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin olunandan dərhal sonra – bu il may ayının 15-də Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə keçirdiyi ilk müşavirədə söyləmişdi.
Fondun rayon (şəhər) şöbələrinin iştirakilə keçirilən həmin müşavirədə S.Babayev vurğulamışdı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı tapşırıqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti üçün bir yol xəritəsidir və bu tapşırıqlar xüsusilə əhaliyə xidmət sahələrində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin edilməsini nəzərdə tutur.
Nazirliyin, o cümlədən, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas xətti də məhz bu prinsipə söykənməlidir.
Əhaliyə xidmətlər vətəndaşlarda narazılıq yaradan hallardan, həmçinin süründürməçilikdən uzaq, tam şəffaf müstəvidə, ədalətli yanaşmalar üzərində, vətəndaş məmnunluğu doğura biləcək səviyyədə qurulmalıdır.
Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırmışdı ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır.
Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir. Vətəndaşlarla kobud münasibətə yol verilməsi halları aradan qaldırılmalı, müvafiq hallarda insanlara qanunvericiliyin tələbləri barədə sadə və aydın şəkildə dolğun izahatlar verilməlidir.
Lakin ƏƏSMN yanında DSMF-nun yerli şöbələrində rüşvətxorluq, korrupsiya və hüquqpozma halları baş alıb gedir. Redaksiyamıza daxil olmuş informasiyalara və media üzərindən apardığımız müşahidələrin nəticələrinə görə, Fondun əksər rayon şöbələrində pensiya və sosial təminatın digər növlərinin təyinatı zamanı süründürməçiliyə yol verilir.
Belə ki, prosesin uzanmasının səbəbini soruşan vətəndaşlara DSMF məmurları: “yuxarı” sorğu göndərmişik, hələ cavab vermirlər” deyirlər. Pensiyaların artımı baş verəndə yenidən hesablanması zamanı artan pensiya məbləğinin bir aylıq həcminin iki misli qədər rüşvət verməsən, işin düzəlməz. Müavinətlərin hesablanması zamanı aşkar rüşvət umulur.
Bunun əyani sübutu olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin yaşa görə müavinətlərin təyini üçün vətəndaşlardan rüşvət tələb etmələri ilə bağlı Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 28.09.2018 tarixdə təxirəsalınmaz əməliyyat tədbiri həyata keçirilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülmüşdür.
Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri Vidadi Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında Elnur Quliyev və Vidadi Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Əgər aidiyyatı qurumlar DSMF-nin digər şəhər və rayon şöbələrində belə bir əməliyyat tədbiri həyata keçirsələr əksər şöbələrdə korrupsiya hallarının baş alıb getdiyinin şahidi olarlar. Ölkə prezidenti son müşavirələrində qeyd edib ki, bütün nazirlərə rəhbərlik etdikləri hökumət strukturlarının fəaliyyətlərində şəffaflığı tam etməlidir. Lakin, ƏƏSMN-nin yerli rayon şöbələrində əhaliyə xidmətdə sosial ədalət prinsiplərinə əməl edilmir, korrupsiya zülməti davam edir. Təəssüf!.