Tehranda islahatçılar qalib gəldi
Tehran şəhərinin seçki nəticələrinin açıqlanması ilə məlum olub ki, islahatçılara yaxın "Ümid" koalisiyasının namizədləri bu şəhərdə parlamentdə yerlərin əsas hissəsinə sahib olublar.
APA-nın İran bürosunun məlumatına görə "Ümid" koalisiyasından səs toplamış şəxslər arasında sabiq prezident, islahatçı Məhəmməd Xatəminin müavini Məhəmmədrza Arif siyahıda liderdir.
Seçkilərin ölkə üzrə nəticəsi göstərir ki , mühafizəkarlar parlamentdə əksər kürsüləri əldə edib, lakin çox önəm daşıyan paytaxt Tehranda islahatçılar qələbə qazanıb.
Xobreqan Ekspertlər Şurası seçkilərində Tehranda sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani ən çox səs toplamaqla birinci, hazırkı prezidentHəsən Ruhani ikinci yerdədir.
Xobreqan Ekspertlər Şurası seçkilərində baş verən önəmli məsələlərdən biri də hökuməti tənqid edən nüfuzlu ruhanilərdən olan Ayətullah Misbah Yəzdinin səs toplaya bilməməsidir.
Ümumilikdə yeni parlament hazırkı parlamentlə müqayisədə çox dəyişikliklərə məruz qalacaq.
Belə ki, yeni parlamentdə hökumətə yaxın cinahlar güclənə bilib.
Hələlik İranın Daxili İşlər Nazirliyi seçkilərin tam nəticəsi və əhalinin seçkilərdə iştirak sayını açıqlamayıb.