azia.az
azia.az

“PKK-nın Öcalanın müraciəti ilə silahı yerə qoyacağını düşünmək sadəlövhlükdür”

Bu gün, 09:53

Turan Rzayev: “PKK-nın Öcalanın müraciəti ilə silahı yerə qoyacağını düşünmək sadəlövhlükdür”

PKK terror təşkilatının lideri Abdullah Öcalan İmralı həbsxanasından təşkilatı tərksilah olmağa çağırdı. “Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, - Öcalanın müraciətində deyilir.

Şübhəsiz ki, Abdullah Öcalanın müraciəti tarixi əhəmiyyət daşıyır. Bu Türkiyə üçün müsbət hadisədir. Bununla belə eyforiyaya qapılmamaq lazımdır. Çünki bu müraciətinin effektliyi sual altındadır.

Mən elə düşünürəm ki, A.Öcalan sadəcə bir piondur. PKK-nın üzdə görünən simasıdır. Onun müraciətinə şübhəsiz cavab verənlər olacaq. Lakin PKK terrorçu fəaliyyətinə yenə də davam edəcək.

Ümumiyyətlə, Öcalanın PKK üzərində təsir gücü elə də çox deyil. Həqiqətən bu belə olsaydı 1999-cu ildə Türkiyə Milli Kəşfiyyat Xidmətinin keçirdiyi xüsusi əməliyyatla ölkəyə gətirilməsindən sonra PKK məğlub olub bitərdi.

A. Öcalan nə az, nə çox 20 ildən çoxdur ki, İmralı adasında həbsxanadadır. Lakin buna baxmayaraq PKK terror təşkilatı fəaliyyətini davam etdirirdi. Hətta Suriya və İraq da bu illərdə daha da qol-budaq açdı. Düzdür, Türkiyə Suriya və İraqın şimalında, həmçinin ölkə daxilində keçirdiyi ardıcıl antiterror əməliyyatlar ilə terror təşkilatına ciddi zərər vurmağı da bacardı. Bu əməliyyatlar PKK-ya ağır zərbə olsa da terror təşkilatı bu günə qədər bu və ya başqa formada varlığını davam etdirməyi bacardı. Özü də bunu Öcalan olmadan etdilər.

Təəssüf ki, bir çoxları eyforiyaya qapılaraq PKK-nı dağlarda mübarizə aparan qruplaşma sanır. Amma reallıq budur ki, PKK Türkiyə siyasətinə, ictimaiyyətinə, hərbi sferasına, media sektoruna, elm camiəsinə sızmış terror təşkilatıdır. PKK çoxdan transformasiyaya uğrayıb!

PKK-nın A.Öcalanın müraciəti ilə silahı yerə qoyacağını düşünmək sadəlövhlükdür. PKK ilə daha köklü mübarizə aparmaq lazımdır. PKK Türkiyə siyasətindən, ictimaiyyətindən hərbi sferasından media sektorundan elm camiəsindən sökülüb atılmadıqca hər zaman bir təhdid olacaq.

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi