Çikaqoda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr edilmiş mərasim keçirilib.
Axar.az xəbər verir ki, GünAz TV kollektivi tərəfindən keçirilən mərasim həm də 2004-cü ildə təsis edilən Güney Azərbaycan Televiziyasının növbəti ildönümünə təsadüf edib.
Tədbirə Çikaqo və Amerika Birləşmiş Ştatlarının digər bölgələrində yaşayan 200-dən çox soydaşımız qatılıb. Onların əksəriyyəti Güney və Quzey Azərbaycan, Türkiyə və Kərkük türkləri olub.
Mərasim Çikaqo vaxtı ilə saat 19-da “DoubleTree by Hilton Chicago” otelində keçirilib.
Öncə bütün iştirakçılar Azərbaycanın himnini oxuyublar. Bundan sonra GünAz TV rəhbəri Əhməd Obalı öncə ingilis dilində Azərbaycan Xalq Cümhuriyyətinin özəllikləri barədə mərasim iştirakçılarına geniş məlumat verib, Şərqdə və islam dünyasında ilk demokratik respublikanın Azərbaycanda qurulmasının tarixi əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətində söz azadlığı və insan haqlarının təmin edilməsi və qısa müddətdə görülən digər mühüm işlərdən bəhs edib.
GünAz TV rəhbəri çıxışının digər hissəsində Azərbaycan türkcəsində mərasim iştirakçılarına öz təşəkkürünü bildirib. Əhməd Obalı gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü daha təntənəli şəkildə Çikaqoda qeyd olunacağını da vurğulayıb.
Mərasimdə şam ziyafəti təşkil edilib, milli rəqslər və Azərbaycan musiqisi ifa olunub.