BU ÖLKƏDƏN gətirilən kərə yağı yığışdırılır
zərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə İran İslam Respublikasından qida məhsulları idxal edən sahibkarlarla növbəti görüş keçirilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, tədbir respublikamıza İrandan yüksək riskli qida məhsullarının idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov bir sıra ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin qeydiyyatı və təsdiqi işinin uğurla aparıldığını vurğulayıb və İrandan respublikamıza qida məhsulları idxal edilən müəssisələrin də bu prosesə fəal qoşulmasının vacibliyini önə çəkib.
Eyni zamanda vurğulayıb ki, əvvəlcədən verilmiş məlumata uyğun olaraq, bu il sentyabrın 1-dən bu vaxtadək qeydiyyat üçün müraciət etməmiş İran müəssisələrindən ölkəmizə balıq və süd məhsullarının gətirilməsinə icazə verilməyəcək.
Həmçinin Elxan Mikayılov xatırladıb ki, bir müddət sonra təsdiq olunmamış heç bir xarici obyektdən respublikamıza qida məhsullarının gətirilməsinə icazə verilməyəcək.
Ona görə də istehsal etdikləri qida məhsullarının ölkəmizə idxalında maraqlı olan bütün müəssisələr vaxtında qeydiyyat və təsdiq üçün müraciət etməlidir.
Qeyd edək ki, ölkəmizdə bir sıra marketlər şəbəkəsində indiyədək İran istehsalı olan kərə yağlar satışda olub.
Əsasən İran istehsalı olan həmin yağlara marketlərdə 16-15 manat qiymətində rast gəlinir. Ancaq kampaniya zamanı İran kərə yağlarını 12 manata almaq mümkün olur. Bu gün Azərbaycan bazarında onsuzda çox az sayda yerli istehsal olan kərə yağları var. Əsasən xarici ölkələrin kərə yağları bazarda hakimdir ki, onların qiyməti də hər istehlakçı üçün əlçatan deyil.
Məsələn, hazırda bazarda olan əsasən, bu “Presıdent” - 30.99, “Yeni Zellandiya Golden Crown” - 16.90, “Anchor” - 17.90, “Best Cow” - 18.50, “Pınar” - 25.50, “Səba” - 19.85 qiymətə olan kərə yağları var.
İran kərə yağları isə digər kərə yağları ilə müqayisədə daha ucuz qiymətə təklif olduğu üçün istehlakçılar İran kərə yağını almalı olur. Ancaq bu gündən etibarən İrandan süd məhsullarının gətirilməsinə qadağa qoyulması həm həmin yağların daha da bahalaşmasına, həm də istehlakçıların seçim imkanlarını daha da azalmasına və onları baha qiymətə olan məhsullara üz tutmağa sövq edəcək.
Bu gün bazarda istehlakçıların münasib qiymətə olan kərə yağı əldə etməsi üçün yerli istehsalın artırılması da önəmlidir. Həm yerli istehsalın azlığı, həm münasib qiymətə olan idxal yağlarına qadağa qoyulması, bazarda birbaşa “nəzərdə tutulan” yağların satışı üçün şərait yaradır.
Nigar Abdullayeva