Milli Məclis üzvləri Moskvanın addımına adekvat tədbirlərə çağırdılar; deputat: “Nə qədər ki, Putinin yanında yarıerməni, yarıruslar var, Rusiya hakimiyyətinin Azərbaycana münasibəti dəyişməyəcək”Milli Məclisin 16 may tarixli plenar iclasında Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə kəskin etirazlar ifadə olundu.
İlk olaraq YAP-ın icra katibinin müavini Siyavuş Novruzova söz verildi. “Azərbaycanın həmişə əməkdaşlıq etdiyi dövlətlərə münasibəti çox yaxşı olub. Lakin buna baxmayaraq, Rusiyada bəzi dövlət məmurları öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq münasibətlərə xələl gətirməyə çalışır”-YAP üzvü çıxışında bildirdi. S.Novruzov dedi ki, son qərarla bağlı parlament, dostluq qrupu ciddi bir müraciət etməlidir: “Demək, Rusiya bütün işlərini başa çatdırıb, qalıb ÜAK və onun fəaliyyəti? Bütün aidiyyəti strukturlara müraciət edirəm, Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərin qanuni fəaliyyət göstərib-göstərməməsi barədə araşdırmalar aparılsın. Çünki bu, çox ciddi, ictimaiyyəti, siyasi partiyaları narahat edən məsələdir. Münasibətlərin korlanmasına xidmət edən addıma yol verməməliyik. Rusiya Dumasındakı dostluq qrupuna da çağırış edirəm. Rusiya dövlət başçısının da məsələyə münasibəti olmalıdır ki, münasibətlərə xələl gəlməsin”.
Spiker Oqtay Əsədov bildirdi ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Rusiyanı dəstəkləyib. “İstənilən QHT-nin fəaliyyətində nöqsanlar tapmaq mümkündür”-deyən spiker Rusiyanın həmsədr ölkə kimi neytral olmalı olduğunu da vurğuladı.
Deputat Arif Rəhimzadə son qərarın cəmiyyətdə narazılıqla qarşılandığını dedi: “Bu təşkilatın ləğvi diasporun yox, Azərbaycana qarşı xoşa gəlməyən addımdır. Azərbaycanla Rusiya arasında yaxşı münasibətlərdən hər yerdə danışırıq, ancaq görək bu münasibətlər ikitərəflidirmi? Rusiya çar vaxtında aparılmış siyasətini indi də aparır”.
Deputat Əli Hüseynli qərarın hüquqi qüvvəyə minmədiyi bir şəraitdə çalışmalı olduğumuzu bildirdi. Deputat Zahid Oruc dedi ki, biz günahkar axtarışına çıxmamalı, soydaşlarımızı bir-birinə qarşı qoymamalıyıq, səfərbər olunmalıyıq.
Milli Məclisin vitse-spikeri Bahar Muradova dedi ki, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı yaranmış vəziyyət ciddi narahatlıq doğurur: “Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə, Rusiyanın daxili işidir - bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir”. Vitse-spiker dedi ki, Rusiyada Azərbaycanı istəməyən dairələr var. Amma Rusiyada Azərbaycanın dostları daha çoxdur: "Biz bu vəziyyəti dostlarımızla müzakirə etməli, onları Rusiyanın bu hərəkətlərindən çəkinməsi üçün addım atmağa çağırmalıyıq. Azərbaycanlı Rusiya vətəndaşlarından da tələb olunur ki, onlar yol verilmiş nöqsanları aradan qaldırsınlar".
Əflatun Amaşov dedi ki, Azərbaycanı strateji tərəfdaş hesab edən bir dövlətin bu addımı gözlənilməzdir, onda təəccüb və heyrət yaradır: “ÜAK-ın dövlət qeydiyyatı ləğv edilirsə, təbii ki, bu, ikitərəfli münasibətlərə mənfi təsir edir. Bu təşkilatın fəaliyyətinin dayandırılması Azərbaycan əleyhinə olan qüvvələrin fəaliyyətinin nəticəsidir. Konqres heç də Rusiya qanunlarına zidd fəaliyyət göstərməyib və göstərə də bilməzdi. Ona görə də rusiyalı deputatlara müraciət etməliyik”. Ə.Amaşov Mətbuat Şurasının Azərbaycan jurnalistləri adından Rusiyaya etiraz bildirdiyini də xatırlatdı.
Rus İcmasının rəhbəri Mixail Zabelin bildirdi ki, son vaxtlar bir neçə dəfə Rusiyadakı müvafiq qurumlara müraciət edib: “Rusiya Azərbaycan kimi çoxmillətli ölkədir. Biz, Azərbaycanda yaşayan ruslar burada rus dilinə, rus mədəniyyətinə münasibəti yüksək qiymətləndiririk, hər zaman razı qalmışıq. Rusiyaya ünvanladığımız müraciətlərdən sonra ÜAK-la bağlı qərarın müsbət olacağını düşünürdük. Amma çox təəssüf edirik ki, belə bir qərar verildi”. M.Zabelin Rus İcması adından Rusiyanın müvafiq dairələrinə xitabən “biz Ali Məhkəmənin qərarının ləğvini tələb edirik”-söylədi.
Elman Nəsirov da həmsədr dövlət olan Rusiyanın tərəfsiz mövqedə dayanmadığını təəssüflə bildirdi: “Məncə, bu, siyasi təzyiq üsuludur. 2012-ci ildə də prezident seçkiləri ərəfəsində təzyiqlər işə salınmışdı. 2018-ci il prezident seçkiləri ərəfəsində də növbəti təzyiqlər işə salınıb”.
Fazil Mustafa dedi ki, ya Azərbaycandan idarə olunan, ya da müstəqil fəaliyyət göstərən diaspora təşkilatını istəmirlər: “Artıq Rusiya hakimiyyətinin yanında olan diaspor təşkilatını da arzulamırlar. Biz bu addımın qarşılığında hansısa addımlar atmalıyıq. Baxın, Xocalı abidəsinin yaxınlığında Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin binası var. Biz münasibətləri qoruyub-saxlamağa çalışırıq. Amma bütün sahələrdə çalışan şəxslər müraciətlər etməliyik. Əgər hüquqi qərar verildisə, daha böyük təşkilatın yaradılması ilə bağlı hərəkətə keçməliyik”.
Elmira Axundova da çox məyus olduğunu bildirdi: “Biz həmişə öyünürdük ki, Azərbaycanda 400-dən artıq rus məktəbi var, görünür, bu, onlara lazım deyilmiş. Biz birdəfəlik bilməliyik ki, bizi Rusiyada istəmirlər, güclənməyimizi arzulamırlar. Bu, siyasi qərardır. Amma əks-addım atmağa tələsməyək, təxribatlara uymayaq. Bəzi qüvvələr bəlkə elə bunu istəyirlər ki, biz addımlar ataq. Rus icması bizim vətəndaşlarımızdır və onları qorumalıyıq”.
Deputat Fərəc Quliyev isə “adekvat münasibət bildirmədikcə, Rusiya növbəti təzyiqlərə əl atacaq” deyə, konkret addımlar atmağa çağırdı: “Biz Xocalı soyqırımında iştirak edən ordunun sovet ordusu yox, Rusiya ordusu olduğunu qeyd etməliyik. Milyarderlər İttifaqını yaratmaqla, Dağıstan prezidentini ora daxil etməsi də Azərbaycana təzyiq idi. Həmçinin aprel müharibəsindən sonra Azərbaycana qarşı təzyiqlər artıb, Rusiya XİN rəhbərinin münasibətini də gördük”
Vahid Əhmədov da məsələyə etirazını bildirdi: “Azərbaycan iqtisadiyyatı ilə bağlı hər zaman mühüm addımlar atılanda, nəhəng layihələr reallaşdırılanda, yaxud prezident seçkiləri keçiriləndə Rusiya müxtəlif təzyiqlər planını işə salır. Rusiya faktiki olaraq Azərbaycanın müstəqil dövlətini qəbul etmək istəmir. Ona görə də vaxtaşırı Azərbaycana təzyiqlər göstərir. Minsk Qrupunun üzvü olduğu halda Ermənistana silah verir”. İstiqlalçı deputat qeyd etdi ki, Azərbaycanın daim müstəqil siyasət yürütməsi şimal qonşumuzu qane etmir. V.Əhmədov ÜAK-ın ləğvinin qarşılığında addımlar atmağa çağırdı: “Avropaya inteqrasiya istiqamətində addımlar sürətləndirilməli, Azərbaycanın Rusiyadan silah alması məhdudlaşdırılmalı, ölkəmizin NATO-ya inteqrasiyasına önəm verilməlidir. Amma Azərbaycandakı rus icmasına qəti şəkildə toxunmaq olmaz!” V.Əhmədov digər bir vacib məsələyə də toxundu. Bildirdi ki, son vaxtlar Beynəlxalq Bankda yaranmış problemlərlə bağlı durum çox ciddi nəticələrə gətirib çıxarıb: “Bu məsələ Azərbaycanın maliyyə bazarına ciddi təsir göstərib. Ona görə də Azərbaycan rəsmiləri dövlət televiziyasına çıxıb nə baş verdiyi barədə ictimaiyyətə məlumat verməlidirlər, deməlidirlər ki, Beynəlxalq Bankda nə baş verir?”
Qüdrət Həsənquliyev Kremlin Azərbaycana ənənəvi siyasətinin davam etdiyini vurğuladı: “Nə qədər ki, Putinin yanında yarıerməni, yarırus, Azərbaycana zəhər daşıyan kərtənkələlər var, Rusiya hakimiyyətinin Azərbaycana münasibəti dəyişməyəcək”. O bildirdi ki, hər dəfə prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar artır. Əvvəlki illər bir sıra hallarda Rusiya ilə münasibətlərin inkişafı barədə təkliflər verdiyini xatırladan deputat ÜAK-ın ləğvindən xeyli sarsıldığını bildirdi. Q.Həsənquliyev dedi ki, bugünlərdə bir qrup Azərbaycan hərbçisinin erməni kəşfiyyatına məlumat ötürməsi faktları ifşa olunub: “Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu məsələni diqqətdə saxlamalı, onların istintaqında iştirak etməlidir. Təhlükəsizlik qurumlarının iştirakı ilə Azərbaycanda dinləmələr keçirilməli, baş verənlərdə Rusiyanın iştirakı məsələsi də öyrənilməli və araşdırılmalıdır. Azərbaycan tərəfi ciddi şəkildə Rusiyanın ali hərbi məktəblərində təhsil alan şəxslərlə bağlı araşdırmalara başlamalıdır. Məlumatlara görə, xüsusi əməkdaşlığa cəlb olunmuş hərbçilərə məhz Rusiya ərazisində maliyyə verilib. Azərbaycan Rusiyadan ən çox silah alan dövlətdir. Biz son illər 5 milyard dollarlıq silah almışıq. Amma Rusiya Ermənistanı dəstəkləyir. Azərbaycan dövləti son qərara daha sərt və qətiyyətli şəkildə öz sözünü deməlidir. Bunun məsuliyyətini isə Rusiyada qərar verənlər daşımalıdır”.
Deputat qeyd etdi ki, indi təkcə Ermənistan hərbçiləri deyil, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır: “Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əvvəllər olduğu kimi, bu dəfə də prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır”. Q.Həsənquliyev ölkədə ölüm cəzasının bərpasını təklif etdi: “Tərtərdə baş verən ağır cinayətlər bir daha onu göstərdi ki, biz ölüm cəzasını bərpa edə bilərik”.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə həmkarının son təklifinə etiraz etdi. Bildirdi ki, ölüm hökmünün bərpası doğru deyil: “Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı humanist addımlardan biridir. Eyni zamanda unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir”.
Qənizadə dedi ki, Rusiya Ali Məhkəməsinin qəbul etdiyi qərar hələ son deyil, qüvvəyə minməyib: “Yəni məsələyə apelyasiya qaydasında yenidən baxılacaq. Mən belə bilirəm ki, sənədləri hazırlayıb qərarın ləğvi üçün dərhal hərəkətə keçmək lazımdır”.
Sahib Alıyev ÜAK-la bağlı qərardan danışdı: “Biz Qarabağ separatçılarının əski parçasının ”bayraq" kimi Rusiyada dalğalanmasını gördük. Biz “İsgəndər” raket-komplekslərinin işğalçı Ermənistana verilməsini gördük. Azərbaycanlılar Rusiyaya gəlmə deyillər, orada aborigendirlər, Dərbənd şəhəri qədim Azərbaycan şəhəridir. Təbii ki, Azərbaycan bu addımı cavabsız qoymayacaq. Müəyyən təhsil müəssisələri var ki, Azərbaycan onlarla bağlı addımlar ata bilər".
Hikmət Məmmədov dedi ki, hələ proses başa çatmayıb: “Səfərbər olunmalıyıq. Çalışmalıyıq ki, yaxın bir ay ərzində bu qərarın Azərbaycanın mövqeyinə uyğun şəkildə dəyişdirilməsinə nail olaq”.
Müzakirələrin yekununda spiker Oqtay Əsədov dostluq qrupunun rəhbəri Əli Hüseynliyə məsələ ilə bağlı ciddi bir müraciət hazırlayıb Rusiyaya göndərməsini tapşırdı. Qeyd etdi ki, parlament sədri kimi özü də Rusiya Dövlət Dumasının rəhbərliyi ilə danışıb mövqeyini çatdıracaq.
“Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, tütün məmulatlarından istifadəyə görə hər 6 saniyədən bir dünyada bir insan dünyasını dəyişir. Həmçinin bu səbəbdən ildə 5 milyon insan dünyasını dəyişir. Bu faktlar onu göstərir ki, bu zərərli adətlə mübarizə çox böyük əhəmiyyət kəsb edir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirdi.
Müzakirələrdən sonra qanun üçüncü oxunuşda fəsil-fəsil səsə qoyularaq qəbul edildi.
“Kabel yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı isə deputat Qüdrət Həsənquliyev dedi ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün internet televiziyalarının kabel yayımına imkanı olmalıdır: “Mən buna misal olaraq, APA TV internet televiziyasını göstərə bilərəm. Kifayət qədər səviyyəli, normal və maraqlı verilişlərlə yayımlanır. Bu televiziyanın kabel yayımında olmasının nə zərəri var? Niyə tamaşaçı APA TV-yə kabel yayımında baxa bilməməlidir?”
Siyavuş Novruzov isə keyfiyyətdən narazılıq etdi: “Kabel yayımında bir qrup cibini doldurur, insanlar isə yayımdan əziyyət çəkirlər. Gecə saatlarında, bir balaca yağış yağan kimi yayım pozulur. Amma vətəndaş problemlə üzləşsə də, məbləği azalda bilməz. Bir balaca ödəniş gecikən kimi yayımı kəsirlər. Burada vətəndaşların hüquqları pozulur. Biz bununla bağlı qanunvericiliyə ciddi müddəalar salmalıyıq”.
Müzakirələrdən sonra qanun qəbul edildi.
Musavat.com