Lavrova verdiyi suala görə işdən qovulan jurnalistin məsələsi böyüyür
elekanal təkzib edir, səfir Polad Bülbüloğlu susur; əksəriyyət jurnalistə dəstək verir, baş redaktor isə qərarı düzgün sayır...
Lider TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun işdən qovulması son günlərin əsas hadisəsi oldu. Ölkə daxilində həmkarımızla bağlı verilən qərar ciddi qınaq obyektinə tuş gəlib, sosial şəbəkələr və mətbuatın əsas müzakirəsinə çevrilib.
A.Həsənovun işini itirməsinə səbəb kimi onun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual göstərilir. Yanvarın 17-də 2016-cı ilin yekunları ilə bağlı Rusiyanın XİN rəhbərinin keçirdiyi mətbuat konfransında həmkarımızın bu sualı ona ünvanlayıb: “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”
Lavrovun məhz bu suala cavabı son günlərdə Azərbaycanda təkcə rəsmi deyil, ictimaiyyət səviyyəsində ciddi etiraz doğurub. XİN rəhbərinin Lider TV-nin müxbirinin sualına cavabını bir daha xatırladırıq: “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.
Image result for Lavrova sual verən
Əldə etdiyimiz xəbərə görə, jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə “vəsatət”i ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O hesab edib ki, jurnalistin xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi iki ölkənin dostluq münasibətlərinə xələl gətirib. Səfir jurnalistin sualını “təxribatçı sual” kimi dəyərləndirib və bu cür sual verdiyinə görə onun ünvanına ağır sözlər işlədib, hətta jurnalisti təhqir etməkdən çəkinməyib.
Ancaq ölkəmizdəki politoloqların, eləcə də televiziya mütəxəssislərinin fikrincə, jurnalist A.Həsənov ölkəmiz üçün çox faydalı olan bir hərəkət edib, rusiyalı nazirin təmsil etdiyi dövlətin Qarabağ məsələsində siyasi xəttinin nədən ibarət olmasını regiona və dünyaya göstərilməsinə səbəb olub.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə jurnalistlə bağlı qərarı sərt tənqid etdi: “Jurnalist ilk növbədə böyük qeyrət göstərib. O düzgün sual verib. Onu buna görə işindən azad etmək böyük biabırçılıqdır. Ölkəmiz adına rüsvayçılıq, qara ləkədir. Gərək belə etməyəydilər. Təəssüf ki, bunlar üçün insanın taleyi, ləyaqəti, daxili aləmi heç nədir. Bu qərara qəti şəkildə etiraz edir, jurnalisti dəstəkləyirəm. Elmar Məmmədyarov rəsmi şəkildə Lavrova cavab verir, amma jurnalist işindən kənarlaşdırılır. Görünür, bunlar bir mərkəzdən idarə olunmur. Xarici işlər nazirinin ”xozeyn"i başqa, jurnalistinki başqadır. Belə şeylər çox olur, sağ əl bir şey edir, sol əl tam başqa şey edir. Bunların da bir-birindən xəbərləri olmur. Hər kəs o jurnalisti müdafiə etməli, onun işinə qayıtmasına kömək etməlidir. Bir səfirin təqdimatı ilə jurnalistin işdən çıxarılması mümkündür, amma kanalın rəhbərliyi o ağılda olmalıdır ki, birinin tapşırığı ilə bu addımı atsın. Kanal rəhbərləri Polad Bülbüloğlundan güclüdürlər. Əgər onun sözü ilə kanal rəhbərliyi bu addımı atıbsa, bu böyük ədalətsizlikdir".
Yazıçı-jurnalist Elçin Şıxlı hesab edir ki, jurnalisti vəzifəsini yerinə yetirdiyinə görə işdən qovmaq qəti qadağandır: “Məmmədyarovun Lavrova cavabını oxudum və o, diplomat kimi cavab verib. Bu da onun borcudur. Lavrov bütün dünyanın gözünün içinə baxa-baxa yalandan söylədi ki, BMT-nin 4 qətnaməsi var və orada atəşkəsə çağırılır. O qətnamələrdə yalnız atəşkəsə çağırılmır, atəşkəsə və erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına çağırış var. Lavrov bunu həyasızcasına demədi. Jurnalistin sualına görə işindən azad edilməsi heç bir çərçivəyə, ağıla, məntiqə sığmır. Sadəcə, onun işlədiyi yerin rəhbərliyi onun arxasında dura bilmir. Uzaqbaşı yerini dəyişib Bakıya gətirə bilərdilər. Təəssüflər olsun ki, son zamanlar dəb olub. İki il bundan əvvəl Kreml tapşırıq verdi, Rauf Mirqədirovu tutdular, daha sonra sifarişlə ANS bağlandı. İndiki beynəlxalq şəraitdə Azərbaycan balanslaşdırılmış siyasət yürütməyə çalışır, amma burada da belə hadisələr baş verir. Polad Bülbüloğlu əgər belə təqdimat veribsə, o, öz başından belə təqdimat verə bilməz. Burada Xarici İşlər Nazirliyi var. Görünür, oradan səfirə deyilib ki, bu təqdimatı sən verməlisən. Söhbət olubsa, daha çox belə ola bilər. Bir də səfir ancaq təqdimat verə bilər. Lakin özəl kanal və media üçün rəsmi strukturun verdiyi təqdimat ancaq tövsiyə xarakterli ola bilər. Yəni özəl struktur onun təqdimatına fikir verməməli idi. Çünki bu təqdimat əslində heç nədir. Bu sərəncam, əmr, qanun deyil. Əgər Polad Bülbüloğlu belə bir təqdimat veribsə belə, özəl kanal onu işdən çıxarmamalı idi. Rəsmi dövlət məmurunun nədənsə narazılığı özəl struktura sərəncamla çatdırıla bilməz. Onun başı üzərində duranlar gərək bunu etməyəydilər. Təəssüf ki, o kanaldan başqa bir şey də gözləmək mümkün deyil. Əslində bu hadisə ölkəmizin imicinə ciddi zərbədir. Amma düşünmürəm ki, dünyanın dərdi bizim jurnalist olsun. Dünyada hazırda tamam başqa irimiqyaslı hadisələr baş verir. Azərbaycan kimsəni maraqlandırmır - yalnız Rusiya və Türkiyədən başqa. Özümüzü yalandan aldatmayaq”.
Lider TV-nin Xəbərlər Departamentinin rəhbəri Anar Şükürov yayılan xəbərləri təkzib etdi: “Jurnalist Lavrova verdiyi suala görə işdən çıxarılmayıb. Televiziyanın daxili əmrləri ilə azad olunub. Hansı məsələyə görə işindən azad olunduğunu tam dəqiqliyi ilə bilməsəm də, yalnız onu deyə bilərəm ki, verdiyi sualla bağlı işindən kənarlaşdırılmayıb. Polad Bülbüloğlunun təqdimatı ilə guya onun azad edildiyi barədə deyilənlər də tam həqiqətə uyğun deyil. Olsaydı, ən azından xəbərimiz olardı. Hər bir idarə, müəssisələrdə işdən azadetmə necədirsə, burada da elə olub”.
Jurnalistin özü və barəsindəki iddialarla bağlı P.Bülbüloğlu ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.
Onu da qeyd edək ki, ölkə daxilində əksəriyyət jurnalisti müdafiə etsə də, onu verdiyi suala görə qınayanlar da var. Belə ki, virtualaz.org və haqqın.az saytlarının baş redaktoru Eynulla Fətullayev Lider TV-nin verdiyi qərarı düzgün hesab edib. Onun bu barədə öz facebook səhifəsində paylaşdığı statusu təqdim edirik: “Lavrovu təxribata çəkmiş jurnalistin işdən çıxarılmasını çox düzgün qərar hesab edirəm. Boş yerdə Rusiya kimi dövləti ölkəmizə qarşı açıqlamaya vadar etmək nəyə xidmət edirdi? Sual qeyri-peşəkar və məntiqsiz idi. Üstəgəl axı Lavrova daha ağıllı sual vermək olardı, məsələn - Aprel müharibəsindən sonra 5 rayonun qaytarılmasına dair Lavrov planının aqibəti və sair. Və tam fərqli cavab almaq olardı, nə isə... Günah jurnalistdə deyil, onu ora göndərəndədi! O sualı onun əlinə verəndədi!”.(musavat.com)