azia.az
azia.az

Qarabağ üçün kritik presedent: sülhməramlılar Qazaxıstandan çıxmasa...

12-01-2022, 09:31

Qarabağ üçün kritik presedent: sülhməramlılar Qazaxıstandan çıxmasa...
KTMT sədri olaraq özünü Qərbin gözündə “yandıran” Paşinyan Putindən Bakı əleyhinə “kart-blanş” almağa çalışır; İrəvanın növbəti fiaskosu: nə “Rus NATO-su”ndan çıxa bilir, nə də ondan faydalana...
Dost Qazaxıstanda vəziyyət sabitləşməyə doğru gedir. Bu fonda ən aktual sual sözsüz ki, az öncə ölkə ərazisinə gətirilmiş xarici hərbi qüvvələrin, özəlliklə Rusiya (KTMT) hərbi kontingentinin taleyi ilə bağlıdır. Çünki bu suala cavab xeyli dərəcədə Qazaxıstanın müstəqil dövlət olaraq, öz ərazisinə nəzarət edib-eləməmək qabiliyyətinin təsdiqi olacaq. Paralel surətdə Kremlin Türk Dövlətləri Təşkilatına üzv ölkəsində öz hərbi-siyasi dayaqlarını uzun müddətə möhkəmlədib-möhkəmlətməyəcəyinə aydınlıq gələcək.

Diqqətçəkicidir ki, dünən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu mövzuda danışarkən deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. “Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”, - Tokayev bildirib.

Onun bu bəyanatının cəmi iki gün sonra necə yerinə yetiriləcəyini görəcəyik. Hər necə olmasa, belə bir inam var ki, Rusiya hərbçiləri gəldikləri yerdən bir elə həvəslə çıxmırlar - o da əgər çıxırlarsa. Hərçənd konkret halda söhbət suveren bir ölkənin ərazisindən gedir...

Qarabağ üçün kritik presedent: sülhməramlılar Qazaxıstandan çıxmasa...
KTMT ölkələri Qazaxıstana neçə hərbçi göndərib?

Rusiya hərbçiləri isə sülhməramlıları adı altında ikinci ildir Azərbaycanlın ayrılmaz hissəsi Qarabağda da yerləşib - Bakının razılığı ilə. 4 ildən də az bir müddət bitəndən sonra Azərbaycan növbəti 5 illiyə razılığını verməzsə, onlar ərazimizi tərk eləməlidir. Odur ki, görək Qazaxıstan prezidentinin xahişi ilə bu ölkəyə yeridilən Rusiya hərbi kontingenti yenə Qazaxıstan rəhbərinin xahişi ilə geri göndəriləcəkmi, yoxsa Moskva "ləngimək" üçün bəhanələr axtaracaq?

Yəni Azərbaycan üçün kritik presedent məsələsi. Şübhə yox ki, Ermənistan, separatçılar və onların Moskvadakı hamiləri Azərbaycanın iradəsi ziddinə olaraq Rusiya sülhməramlılarının Qarabağın anklav hissəsində uzun müddətə qalması üçün əllərindən gələni edəcəklər. Bu, rəsmi İrəvana hər şeydən öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tanımağı maksimum yubatmaq, beləliklə də beynəlxalq rəydə “artsax problemi”nin həll edilmədiyi görüntüsünü yaratmaq üçün lazımdır.

Qatı KTMT əleyhdarı kimi tanınan Nikol Paşinyanın öz ölkəsi adına KTMT tərkibində Qazaxıstana can-başla “sülhməramlı” missiya göndərməsi həm də bu motivlə bağlıdır. Digər bir səbəb əlbəttə ki, Azərbaycana qarşı Kremldən yeni “kart-blanş” qoparmaq, “artsax” və sərhədlərin dəqiqləşdirilməsi məsələsində Moskvanın daha loyal münasibətinə nail olmaq, yeni əlverişli şərtlərə çıxmaqdır.

*****

KTMT çıxır: Qazaxıstan əvəzində nə verdi?

Lakin erməni tərəfinin cəhdləri əbəsdir. Birinci ona görə ki, Azərbaycan Qazaxıstan deyil. Döyüşkən, peşəkar orduya malik, öz ərazisində təhlükəsizliyi təmin eləmək gücündə olan bir dövlətdir. Üstəlik, Türkiyə kimi güclü müttəfiqi, bəd ayaqda Şuşa Bəyannaməsi var.
Qarabağ üçün kritik presedent: sülhməramlılar Qazaxıstandan çıxmasa...
İkincisi, KTMT (oxu: Rusiya) hələ Qazaxıstan olaylarından öncə Azərbaycan-Ermənistan sərhədləri mövzusunda rəsmi mövqeyini bildirib. Bəyan edib ki, bu, Azərbaycan və Ermənistanın öz aralarında çözməli olduğu bir problemdir və blok ona qarışa bilməz, yalnız məsləhət verə bilər. Di gəl ki, İrəvanda hələ də boş ümidlərlə yaşayırlar. Əslində isə Ermənistanın növbəti KTMT fiaskosu ortadadır. “Qərbyönlü” Paşinyan hökuməti eyni zamanda “qaş düzəldən yerdə göz çıxartmış” durumda görünür.

Fakt budur ki, Qazaxıstanda etirazları yatırmaq üçün öz hərbçilərini göndərməklə imperiyapərəst Rusiyanın yanında yer alan “demokratik” Ermənistan - Baydenin “demokratiya sammiti”nə dəvət alan 110 ölkədən biri artıq özünü Qərbin gözündən tamamilə salıb. Hətta Kremlin forpostu olduğunu hər addımda təsdiqləyən Ermənistana qarşı sanksiyalar söhbəti gəzir. Qısası, Paşinyanın “demokratiya tamaşası” bitib.

Digər yandan, bunca reveranslara rəğmən, Nikol Putini Azərbaycana qarşı heç cür kökləyə bilmir. Yəni nə “Rus NATO-su”dan qurtulub Qərbə sarı gedə bilir, nə də ondan yararlana. Bunu rəsmi İrəvanın növbəti fiaskosu da adlandırmaq olar...

*****

Qırğızıstan Qazaxıstana KTMT çərçivəsində kömək etməyə hazırdır

Təbii ki, Rusiyaya ərazimizdə daha uzun müddətə qalmaq üçün bəhanə gərəkdir. Ancaq Moskvanın regionun iki mühüm dövləti Azərbaycan və Türkiyə ilə münasibətləri ermənilərə görə korlamağa razı olacağı ağlabatan deyil. Odur ki, İrəvan hələ çox məyus olacaq.

KTMT-nin Azərbaycan Ordusunun guya Ermənistan ərazisində yerləşməsinə susqun, Qazaxıstan olaylarına isə fəal reaksiya verməsi arasındakı fərqi izah edən erməni hərbi analitik David Arutyunova görə, əgər təşkilat həqiqətən də may ayında vəziyyətə müdaxilə etsəydi, məsələn, sərhədə hərbi qüvvə göndərsəydi, genişmiqyaslı hərbi qarşıdurma riski yarana bilərdi: “Çünki ən azından regionda Türkiyə faktoru var. Bundan əlavə, KTMT-nin bəzi üzvləri vəziyyətə hərbi müdaxilənin xüsusi tərəfdarları deyildilər. Elə həmin o Qazaxıstan və ya Belarus Azərbaycanla münaqişəyə can atmırdı. Amma bu da hələ əsas amil deyil”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Arutyunov “Sputnik Ermənistan”a şərhində bildirib.
Qarabağ üçün kritik presedent: sülhməramlılar Qazaxıstandan çıxmasa...
Onun sözlərinə görə, KTMT müdaxilə barədə qərar versəydi, Ermənistanın təşkilata hansı maddəyə əsasən müraciət etməsindən asılı olmayaraq, bunu edərdi. “Qazaxıstanda isə çox ciddi daxili sabitliyin pozulması təhlükəsi var idi. KTMT-nin əsas hərəkətverici qüvvəsi olan Rusiya dünyanın ikinci ən uzun quru sərhədi olan ölkədə sabitliyin pozulmasından narahat olmaya bilməzdi. Ermənistan-Azərbaycan sərhədində eskalasiya məsələsində isə Moskva müəyyən danışıqlar prosesinin başlamağın və vəziyyəti tədricən sabitləşdirməyin mümkünlüyü ehtimalından çıxış edib. Və biz görürük ki, bu proses artıq gedir, tərəflər sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı razılığa gəlir, görüşlər keçirir və s. Qazaxıstanda belə bir şey olmayıb”, - deyə erməni hərbi ekspert əlavə edib.

Beləcə, Ermənistan rəhbərliyinə Qazaxıstan “fürsəti”ndən də yararlanmaq nəsib olmayacaq...

Analitik xidmət,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi