azia.az
azia.az

Prezident Çin Dövlət Şurası Sədrinin I müavinini qəbul etdi

1-06-2016, 05:05

Prezident Çin Dövlət Şurası Sədrinin I müavinini qəbul etdi Azərbaycan prezidenti İlham Əliyev mayın 31-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edən dövlət başçısı ötən ilin sonunda ÇXR-ə dövlət səfərini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev səfər çərçivəsində aparılan danışıqların, imzalanan sənədlərin gələcək əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi, humanitar, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlət başçısı əmin olduğunu bildirib ki, bu səfər dostluq münasibətlərinin genişlənməsində daha bir mühüm addım olacaq.

Azərbaycana səfərindən məmnun olduğunu deyən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli Bakıya səfər etməzdən öncə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdüyünü bildirib, onun ehtiramını və salamlarını prezident İlham Əliyevə çatdırıb. O qeyd edib ki, ÇXR Sədri Azərbaycanı Çin üçün mühüm və dost ölkə hesab edir. İlk dəqiqələrdən paytaxtımızda gedən inkişaf proseslərinin, şəhərimizin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyən Can Qaoli Bakının şəhərsalma baxımından tarixlə müasirliyin vəhdətinin nümunəsi olduğunu bildirib, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını vurğulayıb.

Prezident İlham Əliyev qısa müddət ərzində Çindən yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana həyata keçirdikləri səfərləri münasibətlərimizin yaxşı nümunəsi kimi qiymətləndirib, Çin ilə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunu almasını bu təşkilata tam inteqrasiya olunmaq istiqamətində ilkin addım kimi dəyərləndirir və bu təşkilat ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm yer tutur. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Azərbaycanın Çin ilə İpək Yolu infrastrukturunun yaradılması və inkişaf etdirilməsində birgə fəaliyyətdə maraqlı olduğunu qeyd edib. Prezident bildirib ki, Azərbaycan Çindən Avropaya və əksinə malların daşınmasında mühüm tranzit rolunu oynamağa hazırdır. Bunun üçün ölkəmizdə dəmir yolunun, həmçinin Xəzər hövzəsində ən böyük yeni dəniz limanının inşası və burada azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür və Azərbaycan bu işlərdə Çin şirkətlərinin fəal iştirakında maraqlıdır. Dövlət başçısı Çin investisiyalarının iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırılmasının ölkəmiz tərəfindən alqışlandığını bildirib. Çin şirkətlərinin Azərbaycanın inşaat sektorunda uğurla iştirak etdiklərini deyən prezident İlham Əliyev ölkələrimiz arasında turizm, mədəniyyət, təhsil, enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı, rabitə-kommunikasiya texnologiyaları və digər istiqamətlərdə əməkdaşlığın inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb, Çinin iqtisadiyyatın bütün sahələrində əldə etdiyi uğurlar münasibətilə təbriklərini çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi