İlham Əliyev son 200 ildə torpaq itirən Azərbaycan üçün yeni tarix yazır
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə iki əsrə yaxın məğlubiyyət sindromuna son qoyulur; Nəsiman Yaqublu: “Tarix yenidən yazılır, məğlub dövrün insanı ilə qalib dövrün insanı arasında fərq olur”
Azərbaycan tarixini vərəqləyəndə zəfər günləri, qələbə təqvimləri barmaqla sayıla bilər. 19-cu əsrin əvvəllərindən bu yana bəlkə də heç barmaqla göstəriləcək qalibiyyət tariximiz də yoxdur.
“Azia.Az” xatırladır ki, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə torpaqları ikiyə bölünən Azərbaycan sonrakı dövrlərdə də torpaq itirə-itirə yaşadı.
Əvvəlcə, İrəvanın siyasi konyukturaya görə məcbur şəkildə verilməsi və Ermənistanın paytaxtına çevrilməsi, sonra 1992-1993-cü illərdə Qarabağın işğalı 20 faiz ərazilərimizin itirilməsinə səbəb oldu.
Bizim tarixin üzüağ səhifələri Şah İsmayl Xətai və Nadir şah dövrləri ilə xatırlana bilər. Ardınca xanlıqlar dövrü, parçalanmış ölkə, çar Rusiyasının əsarətində keçən illər, 1918-də qurulan Xalq Cümhuriyyətinin kövrək ömrü və yenidən rus tabeliyi - SSRİ-nin tərkibində 70 illik həyat, müstəqilliyin bərpasının ilk illərində isə təzədən torpaqların itirilməsi bizi qələbəyə, sevincə tamarzı qoydu.
Yəni iki əsrə yaxındır ki, Azərbaycan torpaqlar itirib, iki əsrə yaxındır ki, bu məmləkətin və insanlarının üzü gülmürdü, qələbə yaşamırdı, işğal olunan torpaqlarını ala bilmirdi...
2020-ci ilin 27 sentyabrından isə bir başqa Azərbaycan, bir başqa tarix və Ordu var.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iki əsrə yaxın həsrətə, sindroma son qoymaqdadır. Bu, əlbəttə ki, kitablara, dastanlara düşəcək bir tarixdir.
Tale boyu torpaq itirmiş Azərbaycan indi ərazilərini işğaldan azad edir. Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilanın 27 il sonra düşmən girovluğundan azad olunması, Ordumuzun getdikcə irəliləməsi həm Prezident İlham Əliyevin Azərbaycan tarixində hansı ad qoyacağı, hansı heykəli ucaldacağına əsas verir, həm də xalqın 200 illik sınmış qüruru, məğlubiyyətlər seriyasına son qoyulur.
Bu, təkcə torpaqların alınması, Azərbaycanın bütövləşməsi deyil. Bu, İlham Əliyevin erməniliyə ağır zərbəsidir, xalqın qürurunu özünə qaytarmaqdır, üzərindəki işğal ləkəsini təmizləməkdir.
Gözümüzün qarşısında İlham Əliyev ermənilərin böyük planını puç etməkdədir. Təsəvvür edin, Ali Baş Komandan 200 illik təşkilatlanmanı, 200 illik planı məhv edir.
Bu, o xülyaya zərbədir ki, 200 il bundan əvvəl dünya erməniliyi təşkilatlanıb “dənizdən-dənizə” dövlət ideologiyasını düşünüb illərlə həyata keçirirdi.
İlham Əliyev Ağambekyanın, “Ocaq” kimi şovinist kitab yazan Zori Balayanın, hər azərbaycanlının ölümündən həzz aldığını deyən, dırnaqarası erməni anası Silva Kaputikyanın ideologiyasını məhv etməkdədir.
Və Azərbaycana 1918-ci ildən bəri üzünü görmədiyi, həmişə arzusunda olduğu, gələcəkdə başını dik tutacaq, milli ideologiyasını zənginləşdirəcək, yeni nağıllara, dastanlara çevriləcək qalibiyyət bəxş edir. O, dünyanın bu regionundakı siyasi düzəninə dəyişiklik gətirəcək böyük işə imza atır. Bu necə ağır və həm də qürurverici işdir.
Nəsiman Yaqublu...
Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan 19-cu əsrdən torpaqlarını itirməyə başlayıb.
Onun sözlərinə görə, ərazilərimiz işğal edilib və həmişə itirilmiş torpaqlarımız haqda danışmışıq: “Son 200 ildə biz torpaq itirmişik. İlk dəfə 1918-ci ildə torpaqları işğaldan azad edə bilmişik. İkinci belə tarix bu günlərdir. Azərbaycan işğal tarixinə son qoyur və qalibiyyət tarixini qızıl hərflərlə yazır.
1918-ci ildə Nuru Paşanın köməyi ilə ərazilərimiz işğaldan azad olunub, buna Bakının “Qurtuluş Günü” deyirik. İkinci belə salnamə hazırda gedən hərbi əməliyyatlardır.
Biz öyrəşmişdik ki, hər il Ağdamın, Şuşanın, Cəbrayılın və digər rayonlarımızın işğal günlərini qeyd edək. Artıq bunlara son qoyulur.
Biz Zəngilanın, Cəbrayılın, Füzulinin qələbə günlərini qeyd edəcəyik. Çünki tarix dəyişir və onu yenidən yazırıq. Bu yazılan tarixlə insanların qüruru özünə qayıdır".
Tarixçi alim qeyd etdi ki, insanların çöhrəsində bir pozitivlik əmələ gəlib: “Mən insanların üzünə baxıram, bir-birinə mehribanlıqla, sevgi ilə yanaşırlar. Məğlubiyyət dövrünün insanı ilə qalibiyyət dövrünün insanı arasında ciddi fərq olur.
Biz indi qalib xalqın nümayəndəsinə çevrilmişik və 30 illik acılara son qoyuruq. Bu zəfər əhvalını gələcək nəsillərə də ötürəcəyik".
N.Yaqublu bildirdi ki, Azərbaycan torpaqlarını işğaldan azad edən kim olacaqdısa, o, tarixdə əbədi yaşayacaqdı:
“Bu tarixi qələbələr İlham Əliyevin tarixdə əbədi yaşaması üçün geniş imkanlar yaradır və əminəm ki, tezliklə bütün torpaqlarımız erməni işğalından azad ediləcək”.
Sülhəddin Əkbər...
Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbər teleqraf.com-a geniş müsahibəsində bildirib ki, düşmən təslim olduqdan sonra danışıqlar masasında Azərbaycan qalib tərəf kimi öz şərtlərini diktə etməlidir: “Artıq erməni dostluq qrupunun ortaya qoyduğu şərtlər bir kənara atılmalıdır. Bir daha qeyd edim ki, Minsk Qrupu əslində erməni dostluq qrupudur, biz ondan nə gözləyə bilərik?
Azərbaycan cəmiyyətində artıq birmənalı fikir formalaşıb və ümid edirəm ki, Azərbaycan xalqının siyasi iradəsini ifadə edən ölkə rəhbərliyi bunu nəzərə alacaq. Bizi 30 il müddətinə aşağılayıblar, dözmüşük. İndi də 30 il qarşı tərəf dözər".