Azərbaycanda hərbi xidmət keçmiş gənc yenidən əsgərliyə çağırıldı - FOTO
Hərbi xidməti illər əvvəl başa vursa da, hər üç aydan bir ona yenidən çağırış gəlir.
Azia.Az xəbər verir ki, maraqlı hadisə Cəlilabadda baş verib.
Belə ki, rayonun Adnalı kənd sakini, 28 yaşlı Emil Əmirli 2011-ci ildə Beyləqan rayonundakı hərbi hissələrin birində 1 il 6 ay xidmət edərək, ordu sıralarından tərxis edilib. Lakin 2018-ci ildən etibarən onun yaşadığı evə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsi tərəfindən hərbi xidmətə yollanması üçün ilkin tibbi müayinədən keçməsi tələbi gəlib.
Bu azmış kimi ona xəbərdarlıq olunub ki, müayinədən keçmədiyi halda cərimə olunacaq. Ən maraqlısı odur ki, Emil mövcud məsələ ilə bağlı hələ bir il əvvəl adıçəkilən quruma hərbi xidmət keçməsi ilə bağlı hərbi bilet təqdim edib. Lakin analoji hadisə bir neçə aydan bir yenidən təkrarlanır.
Artıq Emil Əmirli mövcud faktın hüquqi çərçivədə həll olunması üçün məhkəməyə müraciət etməyə hazırlaşır.