Bakıda polislə sakinlər arasında insident - RƏSMİ AÇIQLAMA
Azia.az xəbər verir ki,Daxili işlər Nazirliyi Yasamalda baş verən insidentlə bağlı açıqlama yayıb.
DİN-dən verilən məlumata görə, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən, həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq, onların ünvanına təhqiredici ifadələr səsləndirib.
Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görülüb.
Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq, müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.
Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.