Müslüm Maqomayevin qızı: “İlham Əliyev və Mehriban Əliyevaya sonsuz təşəkkürümü bildirirəm”
Azia.Az məlumat verir ki,“Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görmüş və görməkdə davam edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, Azərbaycan hökumətinə sonsuz təşəkkürümü bildirmək istəyirəm”.
Bunu Trend-ə dünyaca məşhur azərbaycanlı opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin qızı, hazırda ailəsi ilə ABŞ-da yaşayan Marina Maqomayeva deyib.
O bildirib ki, bu sərəncamla Prezident İlham Əliyev bir çox həmvətənimizin arzusunu reallaşdırıb.
M.Maqomayeva qeyd edib ki, atası ömrünün son günlərinədək Azərbaycanın həqiqi oğlu olub və vətənini mahnılarında tərənnüm edib:
“Azərbaycan musiqisi, mədəniyyəti onun yaradıcılığının ayrılmaz hissəsi olub. Harada çıxış etməsindən asılı olmayaraq, onun çıxışlarında hər zaman Azərbaycan mövzusu səslənirdi. Onun qızı və bir azərbaycanlı olaraq, mən onun yaradıcılığının zirvəsi olan “Odlar yurdu” və “Vesenniy kray – Azerbaydjan” mahnılarını xüsusi qeyd etmək istərdim. Fikrimcə, bu əsərlər Vətənə məhəbbətin himnidir”.
O vurğulayıb ki, atasının xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan hökumətinə minnətdardır:
“Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görmüş və görməkdə davam edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, Azərbaycan hökumətinə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Müslüm Maqomayevə doğma şəhərdə heykəl ucaldılması qərarı bu nəcib missiyanın məntiqi davamıdır”.