“AzerGold” QSC birinci yarımilin yekunlarına dair onlayn müşavirə keçirib
Azia.Az-a verilən məlumata görə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş onlayn müşavirə keçirilib.
Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cari ilin ilk 6 ayının xeyli hissəsinin pandemiya ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu dövrə təsadüf etməsinə baxmayaq, Cəmiyyətin çoxsaylı uğurlara nail olduğunu vurğulayıb.
Qeyd olunub ki, sözügedən dövr ərzində Daşkəsən rayonunda yerləşən Çovdar yatağından 28,5 min unsiya qızıl, 62 min unsiya gümüş hasil edilmiş, beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 20,3%, gümüş hasilatında isə 40,9% artım qeydə alınmışdır.
Bununla yanaşı cari ilin ilk 6 ayında 25,1 min unsiya qızıl, 55,6 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 43,2 milyon ABŞ dolları (73,5 milyon manat) həcmində vəsait cəlb edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.
İdarə Heyəti sədrinin sözlərinə görə, cari ilin birinci yarısı ərzində dövlət büdcəsinə 5,5 milyon manat məbləğində vəsait köçürülmüşdür. Bu vəsaitin 4,5 milyon manatı vergi, 1 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil etmişdir.
Müşavirədə Cəmiyyətin strateji fəaliyyət planına uyğun olaraq növbəti ildə Çovdar yatağının yeraltı mərhələsinin, Ağyoxuş və Mərəh yataqlarının, qarşıdakı illərdə isə Tülallar, Filizçay, Qaradağ, Xarxar, Mazımçay və digər yataqların istismarı nəticəsində ölkə iqtisadiyyatına milyardla manat vəsait cəlb ediləcək, yüzlərlə yeni iş yeri açılacaq. Həmçinin ekoloji monitorinq, geoloji kəşfiyyat, hasilat, tikiti və digər istiqamətlərdə görülən işlər haqda bəhs edilib, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Bütün bu layihələrin icrası ilə Qapalı Səhmdar Cəmiyyətin genişmiqyaslı regional mədən şirkəti, ölkənin ən böyük qeyri-neft ixraçatsına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.