azia.az
azia.az

Bakıda məktəblinin müəmma dolu ölümü - Hadisə yerindən görüntülər

18-03-2017, 10:32

Bakıda məktəblinin müəmma dolu ölümü - Hadisə yerindən görüntülər


Dünən səhər saatlarında Qaradağ rayonu Qızıldaş qəsəbəsində yaşadığı evin yaxınlığında meyiti tapılan 13 yaşlı Toğrul Sultanovun ölümü ilə bağlı çoxsaylı suallar qalmaqdadır. Lent.az-ın əməkdaşı hadisənin baş verdiyi yerdə olub və meyitin tapıldığı əraziyə gedib. Ailə üzvləri və qohumları 13 yaşlı Toğrulun kanalizasiya suyunun axdığı bataqlıqda necə ölə biləcəyini hələ də dərk edə bilmirlər. Yeniyetmənin atası Zaur Sultanov bildirib ki, uşağın sudurğa keçirməsi ehtimalı da mümkün deyil: “Əvvəlcə dedilər, guya sudurğası tutub. Uşaq martın 15-i günortadan itib, martın 16-sı səhər meyiti tapılıb. Bu necə ola bilər? Uşağın bədənində xəsarət yox idi. Amma ona iynə vurub, narkotik verib də öldürə bilərlər. Sonra da meyitini gətirib həmin əraziyə ata bilərlər. Həm də sağlam uşaq idi. Gördüyünüz bu hasarları hörməkdə mənə kömək edib. Necə ola bilər ki, daş hörə bilən uşaq xəstə olsun?”.

Müəmmalı şəkildə vəfat etmiş Toğrulun atası oğlunun öləndən sonra meyitinin həmin əraziyə gətirildiyinə inanır: “Paltarlarının bir hissəsi hələ quru idi. Qəsəbədə it əlindən çölə çıxmaq mümkün deyil. Necə ola bilər ki, meyit o qədər vaxtı həmin yerdə qalsın, it-qurd ona toxunmasın?”.

Qohumlarının sözlərinə görə, martın 15-də orta məktəb şagirdlərinin bir çoxu Lökbatan qəsəbəsində keçirilən tədbirə yollanıb. 180 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Toğrul isə tədbirə getməyərək evə qayıdıb. Onun evə qayıtmasını əks etdirən görüntü qonşunun müşahidə kamerasına düşüb. Lakin Toğrul evi tərk edərkən ön tərəfdən, yəni qonşunun kamerasının əhatə dairəsi olan yerdən deyil, hasar istiqamətini seçib. Atası Zaur Sultanov deyir ki, tədbirdən qayıdan böyük oğlu Toğrulu evdə tapa bilməyib: “Daha sonra hamı axtarmağa başlayıb. Mən də işdən təxminən saat 7-də gələndə xəbər tutdum. Bütün gecəni axtarmışıq. Meyitin tapıldığı yerə də dəfələrlə baxılıb. Amma görən olmayıb. Ayın 15-də saat 2 ilə 9 arası onu heç kim görməyib. Mən daş karxanasında işləyirəm, böyük əziyyətlə çörəkpulu qazanıram, 3 uşaq böyüdürəm. Heç onları istədiyim kimi yedizdirə bilmirəm. Bunlar mənim başıma niyə gəlməlidir ki?”.

Mərhumun əmisi oğlu Tural Sultanov əlavə etdi ki, meyitin tapıldığı yerdə başqa ayaq izləri var: “Bir insan palçıqlığa, bataqlığa girib özünü boğa bilərmi? Əgər o, özü gəlib bu lilin içində ölübsə, onda ayaqqabıları ilə batmalı idi. Amma təmiz idi. Suyun üzərində onun bədən forması hələ də qalıb. Əgər orda can veribsə, çabalamalı, ətrafa əl-qol atmalı deyildimi. Həm də burda camaat mal-qarasını otarır. Səhər saat 6-7 arası burdan keçən olub və meyiti görən olmayıb. Məlum olur ki, burda nə isə başqa əməl var”.

Toğrulun əmisi isə bildirdi ki, Qızıldaşdan su kanalı keçmir: “Deyirlər ki, guya su kanalında boğulub, intihar edib. Bu qəsəbəyə su boru ilə gəlir və qəsəbədə su kanalı deyilən şey yoxdur”.

Hadisə yerinə baxış keçirərkən məlum oldu ki, meyitin tapıldığı yer Toğrulun yaşadığı evdən təxminən 200-250 metr məsafədədir və bura birbaşa getmək üçün qonşunun müşahidə kamerasının əhatə dairəsinə düşmək lazımdır.

Qeyd edək ki, əslən Yardımlı rayonundan olan və ailənin ortancıl uşağı olan 13 yaşlı Toğrul martın 15-də saat 14 radələrində evdən çıxıb. Onun meyitini martın 16-da saat 07:30 radələrində Qızıldaşda yerləşən beşmərtəbəli binanın qarşısındakı bataqlıq sahədə bibisi tapıb. Bibisi səhər qardaşıgilə gedərkən yol kənarında uşağın cəsədini görüb və bu barədə məlumat verib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Bakıda məktəblinin müəmma dolu ölümü - Hadisə yerindən görüntülər
Bakıda məktəblinin müəmma dolu ölümü - Hadisə yerindən görüntülər
Bakıda məktəblinin müəmma dolu ölümü - Hadisə yerindən görüntülər
Bakıda məktəblinin müəmma dolu ölümü - Hadisə yerindən görüntülər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi