AQTA 23 760 kq dondurulmuş hind quşu məhsulunu məhv etdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan virtualaz.org-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “LADESS GROUP” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal edilən “Alpin” əmtəə nişanlı sümüksüz dondurulmuş hind quşu məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib.
Agentlik tərəfindən istehlak üçün yararsız məhsulun məhv edilməsi barədə qərar qəbul edilib.
Ümumi çəkisi 23.760 kq olan sümüksüz dondurulmuş hind quşu məhsulu partiyası Agentliyinin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər Təmizlik Departamentinin Zərərsizləşdirmə Poliqonunda məhv edilib.