azia.az
azia.az

Şəhla Tahirqızının “Şuşada kitabxana və mətbuat” adlı kitabının təqdimatı baş tutub - FOTOLAR

22-12-2022, 08:47

21 dekabrda AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızının “Şuşada kitabxana və mətbuat” adlı məlumat kitabının təqdimatı keçirilib.

Axeber.az xəbər verir ki, təqdimatda elm xadimləri, mətbuat nümayəndələri iştirak ediblər.

Öncə MEK-in baş direktoru professor Məmməd Əliyev çıxış edərək Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli”nə Mərkəzi Elmi Kitabxananın töhfələrindən danışıb. Bildirilib ki, bu ilin çərçivəsində Şuşa şəhərinin tarixinin və mədəniyyətinin tədqiqi və təbliğinə kömək məqsədilə MEK-də “Şuşa ili - Zəfər salnaməsi” adlı metodik vəsait, “Şuşa-270” adlı biblioqrafik göstərici çap olunub, eləcə də kitabxana əməkdaşları beynəlxalq konfranslarda öz məqalələri ilə çıxış ediblər.

“Son olaraq icraçı direktor Şəhla Tahirqızı öz imzasını ataraq çox dəyərli bir kitab ərsəyə gətirib. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna dəyərə malik Şuşa şəhərinin tarixinin, mədəni əhəmiyyətinin öyrənilməsi zəruridir. Bu baxımdan təqdim olunan kitab tarixçilər, geniş oxucu kütləsi üçün əhəmiyyətli mənbəyə çevriləcək”- deyə, baş direktor vurğulayıb.

AMEA-nın müxbir üzvü Misir Mərdanov, öz növbəsində, bütün qonaqları salamlayaraq qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik edib və MEK-in rəhbərliyinə və kollektivinə uğurlar arzulayıb. Alim bu cür dəyərli kitabı yazmaq böyük zəhmətin bəhrəsi olduğunu bildirib, təqdim edilən mənbələri bir araya toplamağı bir qəhrəmanlıq adlandırıb. M.Mərdanov müəllifin bu kitabla “Şuşa İli” çərçivəsində öz şəxsi töhfəsini verdiyini də qeyd edib və bu münasibətlə Şəhla Tahirqızını bir daha təbrik edərək ona gələcək yaradıcılığında uğurlar arzulayıb.

Daha sonra professor İmaməddin Zəkiyev, t.ü.f.d. Yunis Hüseynov, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d., dosent Hacı Həsənov, “Elm” nəşriyyatının baş direktoru, f.ü.f.d. Səbuhi Qəhrəmanov, BDU-nun baş müəllimi Əliyusif Məmmədov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Soltanoğlu, ADPU-nun dosenti Mübariz Ağalarlı, Əməkdar jurnalist Azər Həsrət, azia.az saytının təsisçisi və baş redaktoru Subut Mehdiyev, jurnalist Bahəddin Həzi  və digərləri çıxış edərək təqdim edilən kitabı elmi strateji məsələlər üçün əhəmiyyətli bir mənbə adlandırıblar. Qeyd edilib ki, Şuşada kitabxana işi və mətbuat tarixinin hər biri ayrılıqda geniş tədqiqat tələb edən mövzulardır. Əminliklə ifadə olunub ki, sözügedən monoqrafiya tədqiqatçıların masaüstü kitablarından olacaq.

Həmçinin, təqdimat zamanı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri Mehdi Mehdiyevin adından ölkə kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradılmasına görə MEK-in baş direktoru professor Məmməd Əliyev və “Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində icraçı direktor, dosent Şəhla Tahirqızı Fəxri Diplomla təltif ediliblər.

Sonda kitabın müəllifi, dosent Şəhla Tahirqızı çıxış edərək səslənən hər bir fikri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb və gələn qonaqlara öz minnətdarlığını bildirib.







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi