azia.az
azia.az

Rüfət Aslanlı “ölünü” necə diriltdi?!

20-12-2016, 12:34

Rüfət Aslanlı “ölünü” necə diriltdi?!
Ləğvi bitməmiş bank qeybə çəkildi

Bu il banklarla bağlı çox şey gördük. NBC Bankın lisenziyası əvvəlcə ləğv olundu, bir neçə gündən sonra isə qaytarıldı. Bank Standardı sağlamlaşdırmağa başladılar, sonra isə bağladılar. Amma “Parabank” olayı hamısını geridə qoydu.

Rüfət Aslanlı “ölünü” necə diriltdi?!

Fins.az hüquqşünas Əkrəm Həsənova istinadən onun fikirlərini təqdim edir:

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı o zaman mətbuat konfransında bunu belə əsaslandırmışdı: “Aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə”.

Göründüyü kimi, çox ciddi və sərt ittihamlardır. Buna görə bank sahiblərini və rəhbərlərini fərdi məsuliyyətə də cəlb etmək olar. Lakin heç kəsi məsuliyyətə cəlb etmədilər.

Sadəcə məhkəmə qərarı ilə bankın ləğvinə başladılar. Hüquqi şəxsin ləğvi insanın dəfn mərasimi kimi bir şeydir. Bəşir Səfəroğlu demişkən: “Ölünün də qıdığı gələr? Öldü – qurtardı!”.

Lakin sözügedən bankın nəinki qıdığı gəlib, hətta ölüm yatağında cildini də dəyişib. Belə ki, Vergilər Nazirliyinin saytına əsasən adını dəyişib və indi belə adlanır: “PARA” BANK OLMAYAN KREDİT TƏŞKİLATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ (Ləğv prosesindədir). Yəni ləğv prosesində olan bank adını də dəyişdirib, üstəlik Palata ona bank olmayan kredit təşkilatı kimi lisenziya da verib.

Axı bu necə ola bilər? Adın dəyişdirilməsi üçün səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçirilməlidir, bu isə mümkün deyil, çünki o, ləğv prosesindədir. Lisenziya da ləğv prosesində olan şəxsə verilə bilməz, əksinə “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25-ci maddəsinə əsasən ləğv olunan kredit təşkilatının lisenziyası da ləğv olunmalıdır. Bəs Palata bu lisenziyanı necə verib?

Ümumiyyətlə ləğv olunan hüquqi şəxsin adı necə dəyişdirilib? Faktiki ləğvi bitməmiş bank qeybə çəkilib. Dünya praktikasında hələ belə şey olmamışdı! Amma bizdə oldu! Nəhayət, ən ciddi məsələ. “Parabank”da sığortalnmamış əmanətlər, hüquqi şəxslərin bank hesabları var, orada da qaytarılmamış pullar var. Əmanət qəbul etmək, bank hesabları aparmaq sırf bankın səlahiyyətidir.

Bank olmayan kredit təşkilatı əmanət qəbul edə, bank hesabları aça, orada pul saxlaya bilməz. İndi isə belə çıxır ki, sözügedən bu təşkilat artıq bank olmasa da, orada əmanətlər və bank hesabları var. Bu isə misli görünməmiş qanunsuzluqdur! Keçmiş Parabankın sahibləri, təbii, bank olmayan kredit təşkilatı təsis edə bilərdi. Palata da ona lisenziya verə bilərdi. Amma bu başqa təşkilat olmalı idi. Parabank isə sonadək ləğv olunmalı və borcları qaytarılmalı idi. Əgər nəticədə əmlak qalsaydı, yeni yaradılmış təşkilata ötürülə bilərdi. Amma ləğv olunan bankın bazasında ləğv olunan bank olmayan kredit təşkilatının yaradılması nonsensdir və bunun hüquqi izahı yoxdur. Bunu da ləğv edirlərsə, lisenziya niyə verilib? Yoxsa sonda xortlayacaq?

Görünən odur ki, bu bankın nəsə vacib əmlakı və başqa gizli məqamları var ki, sahibləri onu əldən buraxmaq istəmir, Palata da onlara nədənsə kömək edir. Çünki məsələnin hüquqi biabırçılığını kənara qoysaq belə, Palata Parabankı ciddi pozuntularda sərt ittiham edərək lisenziyasını aldıqdan sonra hansı əsasla ona yeni lisenziya verib? Belə şəraitdə bank sisteminə necə etimad edək?

P.S. Yeri gəlmişkən, ayın əvvəlində Palataya bankların ləğv prosesindəki biabırçılıqlar haqda yazdığım məktuba da hələ reaksiya yoxdur. Orada bütün ləğv prosesində olan banklarda kreditorların ümumi yığıncağını yaratmağı təklif etmişdim ki, bu prosesdə korrupsiyaya son qoyulsun, əks halda, korrupsiya maraqlarına xidmət açıq-aşkar olacaq. Bu olaydan sonra müsbət ümidlərim xeyli azaldı…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi