azia.az
azia.az

“Cəmiyyətə bir manat xeyir vermirsən, amma yaxşı yaşamaq istəyirsən”

15-12-2016, 09:26

“Cəmiyyətə bir manat xeyir vermirsən, amma yaxşı yaşamaq istəyirsən”
“Hamı istəyir ki, yaxşı yaşasın”

Ötən ayın sonlarında Tarif Şurasının qaz və işığın qiymətlərini artırması ilə bağlı yaranan sosial gərginlik səngimək bilmir. Təkcə sadə vətəndaşlar deyil, deputatlar, vaxtilə hakimiyyətdə təmsil olunmuş şəxslər tərəfindən də bu qərara etirazlar gəlir.

YAP-ın qurucularından olan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayevlə son durumu dəyərləndirdik.

- Azərbaycandakı iqtisadi böhran ölkəmizin gələcəyi üçün nə vəd edir?

- Yaşıma görə həyat təcrübəm var, çoxsaylı iqtisadi çətinlikləri, iqtisadiyyatda baş verən hərc-mərclikləri görmüşəm. Azərbaycan iqtisadiyyatının inkişafına mane olan bir çox problemlər var. Gələcəyə baxış açısından indiki vaxtda bir iqtisadçı olaraq pozitivəm. Bizim iqtisadiyyatın potensialı genişdir, bizim iqtisadiyyat güclüdür, qaz, neft, əmək ehtiyatlarımız, təbii sərvətlərimiz, coğrafiyamız, işgüzar əhalimiz var. Bu potensialları qiymətləndirəndə gələcəyə baxışım müsbətdir. Təbii ki, dünyada gedən iqtisadi proseslər, Azərbaycan daxilində müəyyən sahələrin zəifliyi, edilən səhvlər indiki vəziyyətin yaranma səbəblərindəndir.

Amma nəzərə almaq lazımdır ki, dünyanın heç bir ölkəsində səhvsiz iqtisadiyyat yoxdur. Torpaqlarımızın bir hissəsi işğal altındadır, qaçqın problemimiz tam həll olunmayıb. Amma bütövlükdə potensialımız yüksək olduğundan bundan istifadə etməyin yolları var. Baş verənlərdən nəticə çıxarıb düşünməliyik ki, bu potensialdan necə istifadə edək. Bu baxımdan, gələcəyə baxış müxtəlif istiqamətlərdə ola bilər. Mən bir fikir deyə bilərəm, başqaları bunun əksini söyləyə bilərlər. Deputat olarkən deyirdim ki, iş yerlərinin açılması, rayonların sosial-iqtisadi inkişafı çox vacibdir. Təkcə iqtisadiyyatla bağlı deyil, idarəetmədə olan təkmilləşmə hər zaman aktualdır. Təkmilləşmə fikirdir. Bu fikirlərin arxasında elmi əsaslar dayanır. Büdcənin artım tempi, ümumdaxili məhsulun artımı hazırda çox aşağıdır. Bu da həyat səviyyəsinə ciddi təsir edir. Əsas problem vaxtilə götürdüyümüz tempin getdikcə aşağı düşməsidir.

- Əli müəllim, hansı addımlar atılsaydı, manat bugünkü acınacaqlı duruma düşməzdi?

- Bizim ölkədə dollarlaşma siyasəti baş verdi. Azərbaycan açıq ölkədir və dollar məkanı olan bir ölkə kimi tanınır. Neft, qaz satıb dollar gətiririk. Vətəndaşlarımız başqa ölkələrə istirahətə, yaxud işləməyə gedirlər və dollar gətirirlər. Bu baxımdan, ölkə iqtisadiyyatında dolların yeri böyükdür. İndinin özündə də dollara tələbat olduqca böyükdür. Düşünürəm ki, heç olmasa daxilimizdə hər şeyi dollarla deyil, Azərbaycan manatı ilə etməliyik, bütün haqq-hesablar dollarla deyil, manatla olmalıdır. Hazırda dünyada dollarla siyasət müəyyənləşir. Neftin qiymətinin aşağı düşməsi də Azərbaycanda bu vəziyyətin yaranmasına səbəb oldu. Müəyyən çətinliklər yaşayırıq, bunun qarşısını almaq bir günlük iş deyil. Sadəcə, dollarla gələn məhsulların miqdarı azalmalıdır. Öz məhsullarımızın keyfiyyəti o qədər yüksək olmalıdır ki, hər bir istehlakçı onu seçsin. Gömrük və digər sahələrdə güzəştlər etməklə bir çox məsələləri həll etmək olar. İqtisadi islahatlar keçirilməlidir. Lakin bu, islahatlar xatirinə olmamalıdır. Bunlar həyata keçiriləndə təbii ki, nəticələri də olacaq. Hazırlanan proqramlar kağız üzərində qalmamalıdır. Yalnız bir düşüncə olmalıdır ki, əhalinin yaşayış səviyyəsini qaldırmaq üçün ümumi daxili məhsulu necə artırmaq lazımdır.

- Yanvarın 1-dən manat tam üzən məzənnəyə keçir. Ölkəmiz üçün bunun nəticələrini proqnozlaşdırırsız?

- Üzən və digər məzənnələrlə bağlı qəti fikir bildirə bilmərəm. Çünki bunu bank sistemi daha yaxşı bilir. Ölkələr arasında valyutalarla bağlı əlaqələr qurulmalıdır. Məsələn, elə ölkələr var ki, Azərbaycan manatını həmin ölkələrdə dəyişmək olmur. Alqı-satqı daha çox ölkəmizdə manatla olmalıdır. Belə olduqda manata da olan münasibət dəyişir.

- Hökumətin islahatlarla bağlı “Yol xəritəsi” var. Bu sənəd iqtisadi böhrandan çıxmağa kömək edəcəkmi?

- Xəritədə qoyulan məsələlər demək olmaz ki, yenilikdir. Azərbaycanda rifah problemini öncəliklə həll etmək lazımdır. Bəzi məsələlər konkretləşməlidir. Ölkə iqtisadiyyatını bu böhrandan çıxarmağın yollarını konkret rəqəmlərlə göstərməliyik. Kənd təsərrüfatındakı problemlər hər zaman aktual olub. Təsəvvür edin ki, ölkəmizdə bir dəri zavodu belə yoxdur. Bu kimi problemlər aradan qalxsa, əl əməyi, işçi qüvvəsi artar. Böyük investisiya xarakterli layihələri həyata keçirməkdənsə, xırda məsələləri həll etmək lazımdır. Xırda müəssisələrin tikintisi ilə iş yerlərinin sayının artırılması çox vacibdir. Bütün rayonlarda proqram xarakterli tədbirlər görülməlidir. Sadəcə, işləmək lazımdır.

- Qaz və işığın qiymətlərinin artması zəruri idi?

- Mətbuatda bu barədə fikirlərim oldu. Bəzilərinin xoşuna gəlmədi və bu onların şəxsi mövqeləridir. Neftin qiyməti dünyada arta da, azala da bilər. Tələbat artdıqca qiyməti də artacaq. Bu baxımdan, ölkə daxilində bəzi məhsulların qiyməti arta bilər. Amma elə məhsullar var ki, əhalinin 70-80%-i istifadə edir. Bunların qiymətini artıranda özünü sığortalamağı bacarmalısan. Bir növ mühafizəkar iqtisadiyyat rolunu oynamalısan. Azərbaycan sosial dövlətdir, siyasəti də sosialdır. Sosial problemləri həll etmək dövlətin borcudur. Qiymətləri demirəm ki, qaldırmayaq, amma bundan öncə də əhalinin gəlirlərini artırmaq lazımdır. Bütün istiqamətlərdə iş aparılmalıdır. Qiymətlər dəyişəndə onun qabaqlayıcı tədbirləri də var. Sahibkar onsuz da qiymətlərin artımı ilə məhsullarının qiymətini artıracaq. Bir məhsula 5 manat xərcləyibsə, 4 manata satası deyil ki?

- Sosial gərginlik daha da artarsa, sonda siyasi böhranla nəticələnə bilərmi?

- Sosial gərginlik daim var. Hamı istəyir ki, yaxşı yaşasın. Gənclər görməsə də, bizlər çox şeylər gördük. Sosial ədaləti təmin etmək üçün insanların maariflənməsi lazımdır. Savadı olmayan adam deyir ki, mən filankəsdən yaxşı yaşamalıyam. Sən cəmiyyətə bir manat xeyir vermirsən, sonra deyirsən ki, yaxşı yaşamalıyam. Xalqın içərisində olan adamam. Millətin xüsusiyyətlərini azdan-çoxdan bilirəm. Ədalətli cəmiyyətin olmasını hər kəs istəyir. Çünki belə cəmiyyət kimliyindən asılı olmayaraq, hər kəsə lazımdır. Hər şeydə qütbləşmə olmalıdır. Bəzən bir də görürsən ki, savadsız bir şəxsi yüksək vəzifəyə təyin edirlər. Bunun özü də bir ədalətsizlikdir.

- Gələn ay Nazirlər Kabinetinin buraxılacağı, idarəetmədə dəyişikliklərin olacağı deyilir. İndiki iqtisadi böhranın fonunda bunlar hakimiyyətdaxili gərginliyə yol açarmı?

- Aylar öncə ölkəmizdə referendum keçirildi, qanunvericiliyə dəyişikliklər edildi. Dildə dəyişikliklərin olmasını demək başqa, qanunvericiliklə bu dəyişiklikləri həyata keçirmək tamam başqa işdir. İdarəetmədə edilən dəyişikliklər konstitusiya ilə müəyyən edilir. Bu dəyişikliklərə əsas olmalıdır. Hər bir qurumun da məşğul olduğu sahə var. İdarəetmədə əmək bölgüsü mövcuddur. Hansı dəyişikliklərin olacağını deyə bilmərəm. Çünki bu barədə məlumatsızam. Amma burada söhbət ondan gedir ki, dəyişikliklər də dəyişiklik xatirinə olmamalıdır. Yəni effekti olmalıdır. Əsas ortaya qoyulmalıdır ki, bu dəyişikliklər nəyə görə edilir. 15 il bundan öncə də demişəm ki, Azərbaycanda heç o sayda nazirlik də lazım deyil. Bu nazirlikləri birləşdirmək də olar. Bəziləri birləşdirilib, bəziləri də birləşdirilməlidir. İndi Nazirlər Kabinetində hansı dəyişikliklər ola bilər, kimlər vəzifələrindən uzaqlaşdırıla bilər, bunlar hamısı prezidentin səlahiyyətinə olan məsələdir.

Bir alim, dəyişikliklərin tərəfdarı olan bir şəxs kimi deyə bilərəm ki, bu dəyişikliklər elmi əsaslarla qurulmalıdır. Ölkə daxilində bəzi məsələlərə yönəlik addımlar olmalıdır. İstənilən dəyişikliklərin sonunda bəzən təzadlar baş verir. Birdən dəyişiklik olanda onun sosial nəticələri də olur. Tədrici dəyişiklik olmalıdır. Sosial gərginliyə səbəb olmayan addımlar atılmalıdır. Təcrübəli şəxslərdən istifadə olunmalıdır. Funksional nazirliklər var ki, bunların birləşdirilməsi yaxşı olardı. Nazirlər arasında rəqabət olmamalıdır. Gördükləri işlərlə bağlı bu rəqabət olsa, daha müsbət nəticələri olar. Nazir olan və digər yüksək vəzifələrdə çalışanlar ümumi meyara əsaslanmalıdırlar. Uzun müddət vəzifədə qalmaq xətrinə deyil, ölkənin ümumi mənafeyinə xeyir vermək, iqtisadiyyatın dirçəldilməsi üçün çalışmaq daha faydalıdır. Ölkənin zəngin təbii sərvətlərindən istifadə etmək yolu ilə bunun uğrunda hər bir vəzifə sahibi çalışmalıdır.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi