azia.az
azia.az

Prezident Ağstafadakı təməlqoymada iştirak edib

19-10-2016, 16:00

Prezident Ağstafadakı təməlqoymada iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib

Dövlət başçısına məlumat verildi ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.

Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunduğu üçün kadr hazırlığı məqsədilə tədris kurslarının təşkil edilməsi nəzərdə tutulub.

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.

Təsərrüfatda 2016-2017-ci il üçün taxıl səpini işlərinə start verildi. Rayonun Ceyrançöl adlanan ərazisində “Ağstafa Aqroservis” MMC-nin istifadəsində olan 2729 hektar sahədə regiona uyğunlaşdırılmış sortun səpin işləri tədbir zamanı canlı yayımlandı.

Burada hektardan məhsuldarlığın 50-60 sentner təşkil edəcəyi gözlənilir. Taxıl təsərrüfatında Almaniyanın “DSV-saaten” Toxumçuluq İnstitutuna məxsus Akteur buğda sortunun əkilməsi nəzərdə tutulub.
Dövlət başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verildi.

Dəyirman müasir iqtisadiyyatın tələbinə uyğun olaraq yeni texnologiyalarla təchiz ediləcək. Bu texnologiyaların tətbiqi dəyirmanda keyfiyyətli məhsul əldə etməyə imkan verəcək. Dəyirmanın emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu, həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcək.
Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoyub.

Dövlətimizin başçısı burada hazır məhsul anbarına da baxıb. Ümumi sahəsi 5048 kvadratmetr olan anbarda satış üçün saxlanılan bir neçə çeşiddə un, qaba yem və hazır toxumlar barədə Prezident İlham Əliyevə məlumat verilib.

Hələlik cəmiyyətin öz emal zavodları hazır olmadığından yetişdirilmiş buğda Şəmkir rayonuna nəql olunaraq orada emal edilir. Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olunub.

Dövlətimizin başçısına burada quraşdırılması nəzərdə tutulan toxum istehsalı xətti barədə də məlumat verilib. Qeyd edilib ki, layihə üzrə müəssisənin tərkibində saatda 25 ton emal gücü olan Almaniyanın “Petkus” şirkətinə məxsus toxum istehsalı xətti qurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi