Ölümcül bakteriya xəbərdarlığı
Heyvanlardan insanlara yoluxur
Alimlər təhlükəli “super bakteriya” növünün donuzlardan insanlara yoluxma ehtimalıyla bağlı xəbərdarlıq edib. Bu barədə “Independent” (Türkcə) məlumat yayıb. Məlumatda qeyd olunur ki, fermerlərin təsərrüfatlarda təmizlik məqsədilə istifadə etdikləri antibiotik maddələr müqaviməti yüksək mikrobların ətrafa yayılmasına yol açır.
Danimarkanın Statens Serum İnstitutundan Soren Persson, Kopenhagen Universitetindən Semeh Bejaoi və Dorte Frees apardıqları tədqiqat nəticəsində latın dilində “Clostridioides difficile” olan bakteriya aşkar edib. Alimlərin gəldiyi qənaət budur ki, bu bakteriya heyvanlarla insanlar arasında “gedib-gələn” antimikrobial müqavimət genləri üçün bir depo qaynağıdır.
“Bu, narahatlıq doğurur. Bu, antibiotiklərə qarşı müqavimətin daha geniş sahəyə yayıla biləcəyini göstərir və təsərrüfatlardakı heyvanlardan insanlara qədər uzanan müqavimət zənciri ilə bağlı şübhələrə əsas verir”, söyləyən alimlər xüsusilə donuzlar üzərində tədqiqat apardıqlarını bildiriblər. Donuzlardakı bakteriyaların insanlara keçib-keçmədiyini müəyyənləşdirmək üçün klinik analizlər götürüblər. Məlum olub ki, donuzlardan alınan ştamlar eyni vaxtda insanlardan alınan ştamlarla genetik baxımdan eynidir.
Nəticə budur ki, təsərrüfatlarda istifadə edilən antibiotiklər müqavimətli ştamların inkişafına səbəb olur və bunlar insanlara da yoluxa bilir. Alimlər bu ştamların yaşlı insanlarda və sağlıq problemi olanlarda bağırsaq iltihabı və həyati təhlükə daşıyan ishala səbəb ola biləcəyini qeyd edir.
Alimlər əldə etdikləri elmi nəticəni bir neçə gün sonra Lissabonda keçiriləcək Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresinə təqdim edəcək. Xərçəng xəstəliyinə nəzarət Beynəlxalq Təşkilatı isə dərman preparatlarına müqavimətli infeksiyaların hər il 750 min insanın ölümünə səbəb olduğunu, 2050-ci ilədək ölüm sayının 10 milyonu haqlayacağını təxmin edir.