Pentaqon: Rusiya ilə heç bir razılaşmamız yoxdur
ABŞ və Rusiya hərbçiləri arasında Suriyada əməkdaşlığa dair hər hansı razılaşma hələ ki, mövcud deyil
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bəyan edib.
“Düzdür, uzunmüddətli razılaşmalara həsr olunun diskussiyalarda bir sıra ziddiyyətlər aradan qaldırılıb. Lakin dövlət katibi Con Kerrinin dediyi kimi, aramızda həll olunmayan məsələ və problemlər hələ də qalmaqdadır. Hazırda əməkdaşlığa dair rəsmi razılaşmamız yoxdur”, deyə P.Kuk bildirib.
Avqustun 26-da İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş baş tutub. Tərəflərin əsas müzakirə mövzusu Suriya böhranı və onun aradan qaldırılması olub.