Rus tankını “Bayraktar”dan və “Javelin”dən bu cür primitiv üsulla qorumaq olar?
Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirdiyi və ABŞ kəşfiyyatının Kremlin şaxtalar düşəndən sonra bu ölkə üzərinə hücuma başlayacağı haqda xəbərdarlıqları fonunda Krıma yeridilmiş rus tanklarında kamikadze-dronlardan, "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrindən və yüksək dəqiqlikli tank əleyhinə raketlərdən qorunmaq üçün primitiv konstruksiya quraşdırıldığı məlum olub. virtualaz.org xəbər verir ki, bu konstruksiya tankın qülləsi üzərində yüngül zireh təbəqəsindən quraşdırılan örtükdən və qülləni yan tərəfdən qoruyan metal tordan ibarətdir.
Rus tanklarındakı bu primitiv konstruksiyaya "The Drive" nəşri diqqəti cəlb edir. Həmin konstruksiya T-80 tankının üzərində görünüb. Bundan əvvəl isə Rusiyanın Rostov vilayətində Ukrayna sərhədlərinə tərəf irəliləyən T-72B3 əsas döyüş tanklarından bəzilərində bu cür primitiv konstruksiya qeydə alınmışdı.
"The Drive" qeyd edir ki, bu konstruksiyanın tankın qülləsini yuxarıdan endirilən zərbələrdən qorumaq üçün nəzərdə tutulduğu aydındır. Nəşrin yazdığına görə, görünür ötən il Qarabağda gedən müharibə zamanı erməni tanklarının kütləvi şəkildə "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən buraxılan MAM-L və MAM-C lazer başlıqlı raketləri, "Harop" və digər kamikadze-dronlar, o cümlədən İsrail istehsalı olan "Spike" və "Spike NLOS" tank əleyhinə yüksək dəqiqlikli raketləri ilə məhv edilməsini nəzərə alaraq indi Ukrayna istiqamətinə yeridilmiş rus tanklarını bu cür primitiv üsulla qorumağa çalışırlar.
Bu konstruksiyanın tankı kamikadze-dronlardan və yüksək dəqiqlikli raketlərdən, o cümlədən Ukrayna ordusunun silahlanmasında yer alan "Javelin" raketlərindən nə dərəcədə qoruya biləcəyi məlum deyil. Amma ehtimal edilir ki, belə konstruksiya tanka endirilən zərbələrin effektivliyini azalda bilər.
İndiki halda qüllənin yan tərəfinə bərkidilmiş metal tor "Javelin" raketinin zərbəsinin qarşısını tam ala bilməsə də ola bilsin ki, raketin tandem kumulyativ başlığı ilə təmasın daha tez baş verməsinə, nəticədə raketin tankın qülləsinə dəymədən partlamasına səbəb olacaq. Hətta metal tor raketi dayandıra bilməsə də onun effektivliyini azalda bilərdi.
Habelə həmin konstruksiya "Javelin" qədər yüksək dəqiqlikli olmayan digər tank əleyhinə idarəolunan raketlərin də effektivliyinin azaldılmasına kömək edər. Nəşr qeyd edir ki, belə əldədüzəltmə konstruksiya görünür Rusiya tanklarında təcrübə məqsədi ilə quraşdırılır.
Xatırladaq ki, Rusiyanın Ukraynanın Xarkov vilayəti ilə həmsərhəd ərazilərində bu günlərdə yüzlərlə, yaxud ola bilsin minlərlə T-80 tanklarının cəmləşdirildiyi də qeydə alınmışdı. virtualaz.org