Azercell “İKT-də qızlar” günü münasibətilə keçirilən tədbirə dəstək old
Beynəlxalq Telekommunikasiya İttifaqının 2010-cu ildə qəbul etdiyi qətnaməyə əsasən aprel ayının sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar” günü kimi qeyd olunur. Bu tarixi gün qadınların İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) sahəsində rolunun artırılmasına dəstək vermək məqsədi daşıyır.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xanımları bu sahədə təhsil almağa təşviq etmək, mövcud karyera perspektivlərini vurğulamaq üçün silsilə tədbirlər təşkil edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES”, “STEP IT Academy” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin təşkilati dəstəyi ilə ilk tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilib. 70-dək məktəbli qızın iştirak etdiyi tədbirdə informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanlarından bəhs olunub. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən iştirakçılara “sahibkarlıqda ilk addımlar”,”uğurlu sahibkarlıq” və digər vacib məqamları əhatə edən məlumatlar təqdim edilib.
Eyni zamanda bu gün münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” adlı təlim keçirilib.
“İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.
“Azercell Telekom” MMC İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşır. Qeyd edək ki, Azercell tərəfindən 2009-cu ildə yaradılan və PAŞA Bank tərəfindən dəstəklənən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi xanımlar üçün informasiya texnologiyaları və sahibkarlıq mövzularını əhatə edən təlimlərin, seminarlar təşkil edilməsində fəal iştirak edir.