Bakıda insanları belə zəhərləyirlər – İyrənc mənzərə (VİDEO)
Su Polisləri tərəfindən balıqları donuz, it saxlandığı, məişət tullantılarının atıldığı məkanda hisə verən şəxs saxlanılıb
Medianews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu tədbir zamanı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, antisanitariya şəraitində hisə verilmiş balıqların hazırlanıldığı qanunsuz sex aşkar edilib. Belə ki, İdarə əməkdaşlarının Pirallahı rayonunda keçirdikləri tədbir nəticəsində bu cür hisə verilmiş balıqlar hazırlayan paytaxt sakini Tərlan Mikayılov ifşa edilib. Su Nəqliyyatında Polis İdarəsinin rəsmi məlumatına görə, polislər tərəfindən qeyd edilən yerə baxış zamanı ciddi nöqsanlara rast gəlinib. Belə ki, araşdırma zamanı T.Mikayılovun donuz, it, eləcə də digər ev heyvanlarını saxlamaq üçün nəzərdə tutulan, məişət tullantıları və çirkab sularının axıdıldığı məkanda balıqları hisə verdiyi müəyyən edilib və hisə vermə prosesi lentə alınıb. T.Mikayılovdan antisanitariya şəraitində hisə verilmiş 17 ədəd siyənək balığı aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs izahatında bu işlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən müvafiq icazə sənədi almadan məşğul olduğunu etiraf edib. İdarənin əməkdaşları bu cür antisanitariya şəraitində hisə verilmiş balıqların insan sağlamlığı və həyatı üçün ciddi təhlükə mənbəyi olduğunu saxlanılan şəxsin nəzərinə çatdırıblar.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq xidməti ərazilərdə regional reydlər keçirilir. Bununla da balıqları antisanitariya şəraitində hisə verərərək insanların sağlamlığını təhlükə altında qoyan, əhalini zəhərləyən, həmçinin orqanizmdə ciddi fəsadların yaranmasına səbəb olan elektrik avadanlıqları ilə tutulan balıqları və adı “Qırmızı” kitaba düşmüş quşları ovlayan şəxslər müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılır. Dəfələrlə Su Polisinin əməkdaşları bu əməlləri törədən şəxslərlə profilaktik və maarifləndirici söhbətlər apararaq onlara belə halların yolverilməz olduğu izah edilib.
Su Nəqliyyatında Polis İdarəsi qeyd edilən çirkin əməllərlə məşğul olan şəxslərə bir daha xəbərdarlıq edərək bildirir ki, antisanitar şəraitdə balıqları hisə verən, elektrik avadanlıqları ilə balıq tutan və adı “Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan formada ciddi şəkildə mübarizə aparılacaq.
İdarə həmçinin əhaliyə müraciət edərək bildirir ki, antisanitar şəraitində hisə verilmiş və elektrik avadanlığı ilə tutulan balıqlar insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən əhaliyə ictimai iaşə və xidmət obyektlərində, həmçinin bazarlarda antisanitar şəraitdə hazırlanan və tutulan bu tipli balıq məhsullarını almamaq tövsiyyə edilir.