azia.az
azia.az

“Harda seksual kadrlar var, məni çağırırdılar”

27-10-2018, 00:54

“Harda seksual kadrlar var, məni çağırırdılar”


– Hamı sizə Renka deyə müraciət edir. Renka kimdir?

– Ağamuradova Rəna Vidadi qızı. 33 yaşındayam, 2 övladım var. Ailəli olub, boşanmışam. Ancaq rəqsə görə boşanmamışam. Rəqsə sonradan başlamışam. Belə… Həyat dolu, işini sevən, uşaqlarını sevən bir insan…
– Bəs niyə “Renka black angel”?

– Ona görə ki, arxada qanadlarım var, qaraşınam, qara rəngi sevirəm. Özüm şeytanam, ancaq hamı mələk deyir.

– Özünüzə niyə şeytan deyirsiniz? Bəlkə hər bir kişini başdan çıxara bildiyiniz üçün belə düşünürsünüz?

– (Gülür) Yox xasiyyətimə görə. Yola getməzəm.

– Necə oldu rəqsə başladınız?

– Uşaqlıqdan bu sahəni sevmişəm. Düzdü, məni rəqsə qoymayıblar gedim. Ancaq rəqslə nəfəs almışam. Həyatda iki arzum olub. Stilist və saç ustası olmaq. Hələ Rusiyada yaşadığım vaxt saç ustası oldum. Və bütün həmkarlarımdan seçilirdim işimə görə. Sonralar məndə allergiya başladı və məcburən bu peşədən uzaqlaşdım.

– Salondakı kimyəvi vasitələrdən yarandı sizdə allergiya?

– Bəli. Əslində hər bir peşənin xəstəliyi var. Rəqsdə də belimin, ayaqlarımın ağrısı məni narahat edir. O qədər ora-bura qaçıram ki, suyun içində oluram. Buna görə də tez-tez xəstələnirəm.

– Nə çətin sənətdir…

– Bəli, görünməyən tərəfləri var. Elə olub sistem vurdurub, gecə 4 “banket”ə getmişəm. Qışda lap çox əziyyət çəkirəm. Tərli-tərli burdan ora, ordan bura gedirəm, lap çox xəstələnirəm. Vaxta görə çox əziyyət çəkirəm.

– Niyə məhz oriental rəqsi seçmisiniz?

– Heç vaxt danmamışam, mən rəqsə klubdan başlamışam. Sonra orientala çox maraq olduğunu gördüm. Baxdım ki, bu gün ərəb, hind və milli rəqslərə tələbat var. Mən də Şərq üslubunu sevdiyim üçün rəqsin bu sahəsini seçdim.

– Ancaq indi Şərq ab-havası geyminizdə hiss olunmur.

– Hə, rəqsdən çıxandan sonra idman üslubuna üstünlük verirəm.

– Deyirsiz, Şərq üslubunu sevirsiniz. Olar ki, gələcəkdə sevgiliniz ərəb olsun?

– Yox. Çünki istər türk, istər ərəb olsun, fikrimi toplayıb öz dilimdə deməsəm, rahat ola bilmərəm. O boyda Rusiyada yaşadım, ruslarla əlaqə qurmadım. Bu şeylərdə bir az millətpərəstəm.

– Milli tərzdə rəqs edə bilirsinizmi?

– Bəli, bacarıram.

– Ancaq rəqs etməmisiniz deyəsən?

– Ritm olduğu üçün şıdırğı rəqsləri sevirəm, ancaq bilirəm, bizim insanlarda neqativ düşüncə var. Deyəcəklər ki, kim olmusan ki, oriental oynayıb, milli rəqsə keçmisən də. Bax, buna görə oynamıram.

– Doğrudan da orientalın adı yaxşı səslənmir nəsə. Bu nəyə görə belədir?

– Əvvəllər çox pis baxılırdı. Ancaq diqqət etsəniz, görərsiniz ki, mən bu fikri insanların beynində çox dəyişdim. Mən orientalı sevdirdim, dəbə çevirdim. Oriental oynasam da, onu şoulaşdırdım. İnsanların düşüncəsindəki kimi pozğun göstərmədim.

– Şagirdləriniz varmı?

– Müəllim kimi bir az işlədim. İndi mənə çətindi, çünki istirahəti gündüzlər edirəm, axşam işimə gedirəm. Ancaq dərs götürəndə günorta da, axşam da işləmiş oluram. Düşünürəm ki, nə vaxtsa, bu sənətdən gedərəm, o zaman müəllim kimi fəaliyyət göstərərəm.

– Qadın hansı yaş dövrünə kimi oriental oynaya bilər?

– Rusiyanın Sankt-Peterburq şəhərinə getmişdim. 50 yaşında xanım müəllim səhnədə rəqs edirdi. Ona bu yaşda o qədər alqış gəldi ki… Həm də səhnə geyimlərini özü tikirdi. Qadından asılıdır. Mən bir ildən sonra daha rahat işə keçmək, səs-küydən uzaqlaşmaq istəyirəm. Gecə həyatından uzaqlaşıb, övladlarıma vaxt ayırmaq arzusundayam.

– Evə gecə saat neçədə gəlirsiniz?

– 2-3–də gəlirəm. Bax belə deyirəm ki, dayandıracam, ancaq 2 həftə işsiz qalan kimi ürəyim partlayır. Hələ də özümü tapmamışam.

– Bu gün peşəsindən asılı olmayaraq hər kəs aktrisa kimi özünü sınamaq istəyir. Siz necə?

– Bəli, sınamışam. Hələ rəqsə təzə başlayanda “Səadət” serialı var idi, baş rolda oynayırdım. Məndə aktrisalıq çox gözəl alınır. Harda seksual kadrlar var, məni çağırırdılar. Sonralar çəkilişlər mənim üçün çətin gəldi. Gecə 12-də başlayır və gecə yarısı qurtarırdı. Buna görə də uzaqlaşdım. Mənimki ancaq oynamaqdı.

– Bəs nə əcəb oxumursunuz?

– Yox. Oxumaq mənlik deyil. Səsim də yoxdur. Əslində indi səsə baxan da yoxdur. Ancaq özüm istəmirəm. Aparıcı olmağı düşünürəm. Xınayaxtıları-filanı idarə edə bilərəm. Həyatdı, hər şey ola bilər.

– Sizin müğənni Əhmədlə duetiniz marağa səbəb oldu.

– Biz onunla dostuq. Mən hələ onda əməliyyatdan yeni çıxmışdım. 4 gün idi. Elə rastlaşdıq, heç bir hazırlıq görməmişdik. Elə-belə rəqs etdik. Hələ sonra baxıram… bizim geyimlərimiz necə tutuşub, heç xəbərimiz olmayıb. Sonra baxdım ki, aaa… necə sürətlə yayıldı. Sonralar Əhmədi toya çağıranda məni də soruşurdular. O mahnı üçün bizi çox tədbirlərə çağırdılar.

– Nə əməliyyatı keçirmisiniz?

– Qadın problemi ilə bağlıdır.

– Neçə övladınız var?

– Oğlum 13 yaşında, qızım 9 yaşındadır.

– Kimin yanında qalırlar?

– Bacımın. Hamı elə bilir üç övladım var. Ancaq biri bacımındır.

– Müsahibənizdə demisiniz ərə getmək istəmirsiniz. Niyə?

– Bəli. Oğlum artıq böyüyüb, onun qabağında mən ərə gedə bilmərəm.

– Ancaq siz hələ gəncsiniz. Sizə də ailə lazımdır.

– Düzdü, hələ yaşlanmamışam. Əslində elə yaşlı qadına da ər lazımdır. Ancaq bu gün cəmiyyətdə 2 övladlı qadınla kim evlənər ki? Həm də mən gərək elə sevim ki, evlənə bilim. O da məndə yoxdur. Həyatımda bir dəfə sevmişəm, o da yoldaşımı…

– Bəlkə oriental oynadığınıza görə evlənməzlər sizinlə?

– Bəli, elə buna görə də almazlar.

– Ancaq çox şirin, gözəl görünürsünüz.

– (Gülür) Hamı kənardan məni belə görür. Ancaq ifritəyəm, heç kimlə yola getmirəm. Xarakterim pisdir.

– Bəlkə təvazökarlıqdan xarakterinizi pisləyirsiniz?

– Yox çox kobudam, ərköyünəm, küsəyənəm, eqoistəm. Diqqəti çox sevirəm. İstəyirəm ancaq məni sevsinlər. Azərbaycan kişisində diqqət yoxdur. Mən istədiyimi tapa bilməmişəm həyatda.

– Bəs əcnəbiləri necə, sevə bilərsiniz?

– Yox, qətiyyən. Və buna görə də heç vaxt ailə qurmaq kimi planım yoxdur. Mən bilirəm ki, heç kimlə yola getmərəm. O qədər eqoist adamam ki, ərə qulluq etməyi belə qəbul etmirəm.

– Bəlkə siz elə ailənin bişir-düşür, yu-yığışdır məsuliyyətinə görə ərə getmək istəmirsiniz?

– Bəli, “çay gətir”, “yemək bişir” mənlik deyil.

– Ancaq insan sevdiyinə bunu ürəklə edər.

-(Gülür) Ancaq sevməyə mənim vaxtım yoxdur. Günə 6-8 banket yola verən qadının sevməyə vaxtı olarmı?

– Düşünmürsünüz bir gün peşman olacaqsınız?

– Mən tənha deyiləm ki, gözəl ailəm, övladlarım var. Gəlirəm evə, elə yorğun oluram ki, başımı atıb, yatmağı arzulayıram. Qızım da məni gözləyir, elə onunla birgə yatıram. Bəlkə gələcəkdə uşaqlar dağılışar başımdan, o zaman peşmançılıq hissini yaşayaram. Elə bacım mənə bəsdi.
– Son vaxtlar ilanla oynayırdınız…

– Aha, indi biri də var, balacadı. Gözləyirəm böyüsün. O efirdə gördüyünüz tanışımın idi.

– Elgizin verilişində haray qopdu ki, ilan sizi boğur. Bu şou idi?

– Yox. O veriliş canlı deyildi. Mən oynayırdım, ilan da hələ mənə öyrəşməmişdi. Ac idi. Ac olanda da aqressiv olur. Oynayarkən girdi saçımın arasına, get-gedə gördüm havam çatmır. Dedim onsuz da çəkiliş yoxdur, çəkildim ki, bunu açın. Ordakılar da reytinq üçün şüvən saldılar, ancaq kadra səsim də düşüb, deyirəm boğmadı. İlanın yiyəsi gəldi, açdı.

– Həmkarlarınızdan biri açıqlama vermişdi ki, ona kişinin pulu lazımdır. Bəs sizə?

– Heç vaxt kişi puluna yaşamamışam. Məndə o bəxt yoxdur.

– Bu “bəxtsizəm” ifadəsini əksər hallarda çox məşhur qadınlar istifadə edir. Niyə bəxtsizsiniz? Hansı həyatı istəyirsiniz, onu da yaşayırsınız. Hər şey öz əlinizdədir.

– Yox, əslində mən çox şanslıyam. Bütün arzularım həyata keçib. Ancaq bəxtim gətirsəydi, boşanmazdım.

– Sevib evlənmişdiniz?

– 7 il sevib, ailə qurmuşduq və ilk sevgim idi.

– Ailəni kim qoruya bilmədi?

– O… Ancaq düşmən deyilik. Rusiyada yaşasa da, uşaqlarının yanına gəlib-gedir.

– Evli olduğunuz vaxtda rəqs edirdiniz?

– Yox.

– Bəs rəqs oynadığınıza qarışırmı?

– Yox. Münasibətimiz yoxdur. Özünü elə göstərir ki, guya heç nə bilmir. Ancaq bilirəm ki, hər şeyi bilir.

– Olubmu hansısa toyda rəqs etmisiniz, qadın da sizi ərinə qısqanıb.

– Bu əvvəl ola bilərdi, indi elə deyil. Məclisə girəndə artıq ab-havaya görə hərəkət edirəm. Qadınlarla o qədər mehribanlıq yaradıram ki, ərlərini mənə qısqanmırlar. Həm də işimi görüb qaçıram. Mənə kiminsə əri lazım deyil. Məni daha çox ətrafımdakı qadınlar toya çağırır. Mən də onlarla o qədər yaxınam ki, başqa şey ola bilməz. Ancaq indi o qədər şeylər olur, adam dəhşətə gəlir. Azərbaycan çox dəyişib. Mən Yekaterinburqda doğulmuşam. Anam burda yaşayıb. Atamla yaşamışam. Gəlib-gedirdim. Ancaq 4-5 ildi həmişəlik köçmüşəm bura.

“Harda seksual kadrlar var, məni çağırırdılar”

– Valideynləriniz boşanıb?

– Boşanmaq demək olmaz. Anamın da xasiyyəti mənim kimidir. O heç vaxt ər dalınca qaçmaz. Öz evi, öz işi. Hərdən deyirəm biz necə də bir-birimizə bənzəyirik. Ancaq bacım atama oxşayır. Evcanlı, ailəcanlı, yemək bişirsin, ailədə olsun. Anamla mənimki ancaq pul qazanmaqdı.

– Qazancınız özünüzü görürmü?

– Şükür. Mən şan-şöhrət, o maşın, bu maşın həvəskarı deyiləm.

– Aya nə qədər pul xərcləyirsiniz?

– Saymamışam. Həmişə atam deyir ki, xərclərini hesabla. Bilirəm ki, mənə düşmür. Ancaq təxmini bilirəm ki, hansı ay nə qədər gəlirim olacaq.

– Pulunuz qurtaranda kimdən borc istəyirsiniz?

– Allah eləməsin ki, kimdənsə borc götürüm. Camaat məndən borc alır. Mən həmişə ayağıma görə yorğanımı uzatmışam. Hər şeyi planlı şəkildə edirəm.

– Yəni həm qadın, həm kişisiniz.

– Evdə qadın bacımdı, kişi mənəm. Axşam yatıram, səhər dururam ki, bacım dırdır arvadlar kimi işıq pulu, qaz pulu, məktəb pulu… hamısının siyahısını verir. Deyirəm, bax buna görə kişilər bezir də.

– Bacınızın da ailəsi yoxdur?

– Hə. Ailəvi ərdən yarımamışıq. Baxıram ətrafa, sıxılıram. Ətrafımda ailəli cəmi 2 nəfər var. Hamısı bizim günümüzdədilər.

– Niyə sıxılırsınız?

– Ər-arvad münasibətində əvvəlki mehribanlıq qalmayıb. Hamı didişir. Baxıram ki, ərə gedən qızlar çox şeyə dözmürlər. Mən ərə gedəndə çox şeyə dözmüşəm. 7 il az müddət deyil.

– Nələrə dözmüsünüz?

– Pulsuzluğa, dar evə gəlin gəlirsən, qaynana, qaynata, bu şeylərə indiki qızlar dözmək istəmir. İndi hamı deyir evi, pulu, maşını olsun. Mən demişəm heç vaxt ailə qurmaram. Ona görə ki, oğlumun yaşadığı evə kişi gətirmərəm.

– Niyə qızınızı yox, oğlunuzu deyirsiniz?

– Oğul mənim üçün ayrı dəyərdi. İcazə vermərəm ki, yad kişi ona səsinin tonunu qaldırsın. Həmin dəqiqə onu evdən qovaram. Bəlkə elə görünmürəm, ancaq hətta qızıma şortik geyinməyə qoymaram. Bəzən elə olur, evə çəkiliş gəlir, qızım öz otağında olmalıdır. Oğlum qızımın üstünə qışqıranda bununla razılaşıram və haqq qazandırıram.

– Gələcəkdə qızınız oriental rəqs etmək istəyərsə…

– Yox, qətiyyən. Heç özü də meyilli deyil. O, kosmetoloq olmaq istəyir.

– Bəzi müğənnilər deyirlər ki, şou-biznes aləmindən oğluma qız almaram. Bu düşüncəyə necə baxırsınız?

– Deyim ki, indiki müğənnilərə baxıram, sevinirəm. Çünki sırf sənətlə məşğuldurlar.

– Bəzi məşhurlar övladları kiçik olduqda hər cür hərəkət edir, fotolar çəkdirir. Övladları böyüdükdə əl çəkmirlər, zəng edirlər ki, o fotonu çıxart, filan. Siz də bu qədər oğlunuza bağlısınız. Atdığınız hər addımınızda oğlunuzun gələcəyini düşünürsünüzmü?

– Hə, bir şey deyim. Abu-Dabiyə getmişdik, başı bağlı foto çəkdirmişdim. Hamı lağ elədi. Başa düşmürəm, mən adam deyiləm bəyəm? Mənim Allahım yoxdu? Mən bağlı geyinə bilmərəm? Bu fotoları qoyum, like yoxdu. Ancaq bir az yaxamı açım, görün nələr olacaq. Heç kim ciddi bir şey axtarmır. Ancaq onu deyim ki, məni qızlar daha çox istəyir. Daha çox mesajları da onlardan alıram.

– İndi kim-kimə yaxınlaşır, hərəsinə bir söz qoşurlar. İnsanların düşüncəsindən qorxmursunuz ki, sabah “Renka lezbiyandı” kimi iddialar səslənər?

-Yox. Elə bir şey yoxdur axı. Həm mən o səviyyəyə özümü qoymamışam.

– Oriental rəqs edənlər arasında da paxıllıq varmı?

-Hə, çoxalıblar özü də. Efirə də çıxan birinci mənim adımı çəkir: “Renka oynayanmır”. Kimə nə? Oynaya bilmirəm, özümə, sənə nə? Bir dəfə görmüsünüz kiminsə adını çəkim?

– Rəqqasə kimi bədəninizin hansı hissəsini sevmirsiniz?

– Ümumiyyətlə, mən fəxr edirəm ki, iki uşaqdan sonra belə qalmışam.

– Bunun üçün nələr edirsiniz?

– Genetikdir. Heç qidalarıma düzgün diqqət edə bilmirəm.

– Sizcə, niyə oriental oynayan qadının əri olmaq çətindir?

– Adi qızları alan yoxdu, o ki qaldı, oriental rəqs oynayanı.

– Siz kişi olsaydınız, evlənərdiniz belə qadınla?

-(Gülür) Hə. Bizdə pis baxılır. Xaricdə hər birinin əri var. Və kişilər buna adi rəqs kimi baxırlar.

– Hərdən peşman olursunuz bu peşəni seçdiyinizə?

– Yox. Çünki arzularımdan biri idi. Hələ atamla yaşayanda efir arzulayırdım ki, bir gün Rəhim Rəhimli ilə işləyim. Buna nail oldum. Aygün Kazımovanın, Röyanın ad günüdə rəqs etmişəm. Bundan böyük uğur varmı? Düzdü, təkəm. Mən də istəyərdim ər çörəyi yeyəm, ancaq arzuladıqlarıma hardasa nail olmuşam.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi