Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azia.az xəbər verir ki, Oxu.Az-a istinadən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.