"Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırdı (VİDEO)
Bu gün, 10:41
"Azərişıq” ASC Gədəbəyin bir sıra kənd və qəsəbələrində elektrik təsərrüfatını yenidən qurur. Görülən işlər nəticəsində Zəhmətkənd kəndinin 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenisi ilə əvəzlənib, abonentlər fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunublar.
Qaynarinfo xəbər verir ki, kənddə 0.4 və 10 kV-luq yeni metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Həmçinin yaşayış məntəqəsində 9 ədəd Komplekt Transformator Məntəqəsi (KTM), eləcə də yeni elektron tipli sayğaclar quraşdırılıb.
Yenidənqurma işləri təkcə Zəhmətkəndlə məhdudlaşmır. "Azərişıq” ASC Gədəbəyin ümumilikdə 6 kəndində – Arısu, Zəhmətkənd, Xarxar, Əlinağılar, Arıqıran və Qasımlıda elektrik şəbəkəsini tamamilə yeniləyir. Sadalanan kəndlərdə ümumilikdə 30 ədəd KTM quraşdırılıb. Bununla yanaşı Söyüdlü və Soyuqbulaqda da hər birində 250 kVA gücündə olmaqla yeni güc mərkəzləri yaradılıb.
Arıqıran kəndində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yaşayış məntəqəsinin 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənib, 9 ədəd müasir tipli KTM və yeni sayğaclar quraşdırılıb.
Növbəti mərhələdə Çanaqçı, Kərimli və İnəkboğan kəndlərinin elektrik şəbəkəsi yenilənəcək.
Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq” ASC ölkənin bütün regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.