Deputat: “İndiki dövrdə iş tapmaq çox çətindir və Qızlar Universitetinin bağlanması narahatedicidir”
“Hər hansı təhsil müəssisəsinin bağlanması heç də arzuolunan deyil. Bunu heç birimiz arzulamarıq. Bu, insanların işlərini itirmələri, tələbələrin öz universitetlərində təhsil ala bilməmələri anlamına gəlir. İndiki dövrdə iş tapmaq çox çətindir. Belə bir dövrdə Qızlar Universitetinin bağlanması narahatedicidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, universitet tərəfindən səhlənkarlığa, qeyri-peşəkarlığa yol verilibsə, bu, qəbuledilməzdir: “Universitetlərimiz diqqətli olmalı, fəaliyyətlərini düzgün qurmalı, keyfiyyətli təhsil verməlidirlər. Eyni zamanda universitetin düzəldilməsi, təhsilin keyfiyyətinin artırılması imkanları var idisə, çox ciddi qanun pozuntuları yoxdursa, Qızlar Universitetinə möhlət verilə bilərdi ki, fəaliyyətini davam etdirsin, lakin ciddi qanun pozuntuları varsa, artıq başqa qərarın qəbul edilməsi qeyri-mümkündür. Buna görə də düşünürəm, meyar bu olmalıdır ki, hər bir universitet güclü təhsil verməli, peşəkar müəllim bazası olmalıdır”.
Aytəkin Qardaşova