azia.az
azia.az

Rinoplastika etdirənləri hərbi xidmət gözləyir? - Vacib detallar

Bu gün, 15:28

Rinoplastika əməliyyatı keçirən və ya burun çəpərinin əyriliyi, xroniki sinusit, nəfəsalma pozğunluğu kimi burun xəstəliklərindən əziyyət çəkən şəxslərin hərbi xidmətə yararlılığı ilə bağlı məsələ tez-tez müzakirə olunur. Bəs bu şəxslər hərbi xidmətə çağırıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, belə hallarda qərar hər bir vətəndaşın sağlamlıq vəziyyətinə uyğun olaraq fərdi qaydada verilir.


Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

Onun sözlərinə görə, yalnız estetik məqsədlə icra olunan rinoplastika əməliyyatı hərbi xidmətə yararlılığa maneə yaratmır.

“Burun tənəffüsünün nə dərəcədə pozulmasından və xəstəliyin ağırlığından asılı olaraq rəy verilir. Sadəcə estetik rinoplastika əməliyyatı keçirmək hərbi xidmət üçün əngəl sayılmır. Əgər şəxsdə ciddi nəfəsalma pozğunluğu, təngnəfəslik və ya funksional problem varsa, bu halda onun hərbi xidmətə yararlılığına fərqli yanaşılır”.

Üzeyir Cəfərov qeyd vurğulayıb ki, burun çəpərinin yüngül əyriliyi olan və sərbəst nəfəs ala bilən şəxslər, bir qayda olaraq, hərbi xidmətə yararlı hesab edilirlər.

“Əgər yüngül dərəcəli burun çəpəri əyriliyi nəfəsalmaya ciddi təsir göstərmirsə, bu, xidmətə mane olan hal deyil. Belə şəxslər hərbi xidmətə yararlı sayılırlar”, – deyə o, bildirib.

Ekspert əməliyyatdan sonrakı dövrə də aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda burun əməliyyatı keçirən şəxslərə sağalma prosesi üçün altı ay möhlət verilə bilər.

“Əvvəllər bu müddət bir il, hətta üç il idi. Hazırda isə altı ay möhlət tətbiq olunur. Bu müddət başa çatdıqdan sonra hər hansı ağırlaşma və ya funksional problem aşkarlanmazsa, şəxs hərbi xidmətə yararlı hesab edilir. Əgər əməliyyatdan sonra kəskinləşmə və ya başqa narahatlıqlar qalarsa, həkim rəyi əsasında əlavə möhlət verilə bilər ki, sağlamlığını tam bərpa etsin”.

Üzeyir Cəfərov əlavə edib ki, anadangəlmə burun çəpəri əyriliyi ciddi funksional pozğunluq, nəfəs çatışmazlığı və ya digər xroniki xəstəliklərlə müşayiət olunursa, həmin şəxslərlə bağlı yekun qərar xüsusi tibbi qiymətləndirmədən sonra verilir.

“Yüngül əyriliklə xroniki və ciddi funksional pozğunluq eyni qiymətləndirilə bilməz. Hər bir hal ayrıca araşdırılmalı və fərdi yanaşma tətbiq edilməlidir. Təkcə burun əməliyyatı keçirmək şəxsin avtomatik olaraq hərbi xidmətdən azad olunacağı anlamına gəlmir”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi