İbrahim Əsədli, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı və Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edildi
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Nizami Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalov müəyyən olunaraq saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.APA