Ezopu xatırlayırıq
“Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq”.
(İmadəddin Nəsimi)
Paytaxtdan pis iy gəlirmiş. Bundan qabaq da qaz iyi basmışdı. Ondan öncə toz buludu uçmuşdu. Maşallah. Mən təxmin edirəm, yaxın gələcəkdə Bakımızın (rəhmətlik Hacıbala müəllim demişkən; sözgəlişi, paytaxtımızın adına mənsubiyyət şəkilçisi qoşanda onun yanacaq bakına çevrilməsi də nəsə maraqlı hadisədir) havasında radioaktiv şüalanmalar, Günəş halo-hallüsinasiyaları, qum fırtınaları, tornado və musson yağışlarını müşahidə edəcəyik. Tropiklərə uyğun yaşayırsansa, cəngəllik cəmiyyəti qurursansa hava da buna uyğun olmalıdır.
Ya da hava o cür cəmiyyəti aktual etməlidir. İkisindən biridir. Hansı hansını doğurub, önəmi yoxdur. Bizdə bu səbəbdən “toyuq öncə olub, yoxsa yumurta” diskussiyası heç zaman aktual olmamışdır, çünki bütün millətə əyandır: əvvəldə Xoruz olmuşdur. Özü də məhz böyük hərflə yazılan Xoruz.
Bütün bunlarla mən nə demək istəyirəm? Əşşi, heç nə demək istəmirəm. Birincisi, həmişə nəsə deyən adamlardan qorxmaq lazımdır. Bizə hərdən susan adamlar lazımdır. İkincisi, Ezop dilini öyrənməliyik. Bu, ingilis və rus dilindən vacibdir. İş elanlarında bu məzmunda qeydlər çıxacaqdır: “Jurnalist tələb olunur. Ezop dilini bilməsi vacibdir. Əmək haqqı barrelnən”. Ezop müəllimin özünə gələndə, deyilənə görə bu, qədimlərdə yaşamış bir qul olmuşdur. Yəni, Ezop dili qulların dilidir. Biz də bu dili öyrənməyə məcburuq, yoxsa sözü açıq desən tutub zindana salarlar, onda gəl hər bayramda amnistiya gözlə. Hər amnistiya da bayrama çevrilsin. Bayram amnistiyaya, amnistiya bayrama döndükcə sən də dön. Fırlan yerində. Dombalaq aş.
Yeri gəlmişkən, orta məktəb dərsliklərimizdə quldarlığın tədrisi uğurla, ya da köhnə dildə yazsaq, müvəffəqiyyətlə aparılır. Diqqətli oxucularımız bilir, mən bu məqamda adətən 3-cü sinifin “Azərbaycan dili” dərsliyindən örnəklər tapıram, çünki olduqca mükəmməl kitabdır, dərslikdən başqa hər şeyə oxşayır. Rafiq İsmayılov və dəstəsi tərəfindən yazılan bu kitabın 171-ci səhifəsini açırıq. Orada Sədi Şirazidən hikmətli əhvalat nəql edilir. Deyir bir şah öz qulu ilə dəniz gəzintisinə çıxır. Yolda qul ah-ufuyla camaatı bezdirir. Bir ağsaqqal deyir götürün bunu atın dənizə. Atırlar. Sonra çıxardırlar, qul sakit olur. Ağsaqqal deyir ki, bunu sakitləşdirməyin ayrı yolu yox idi, çünki… Yaxşısı budur kitabdan sitatı olduğu kimi yazaq: “Bu qul dənizdə batmaq qorxusunu keçirməmişdi. Ona görə də gəmidəki rahatlığın qədrini bilmirdi. Çətinliyə düşməyən sakitliyin qədrini bilməz”.
Gördünüzmü? Burnufırtıqlı uşaqlara sakitliyin qədrini necə ustalıqla anladırlar! Qulsan, qələtini elə. Hələ səni gəmiyə mindiriblər, sən isə zırıldayırsan. Sənin üçün beynəlxalq dəniz limanı qayırırlar, şükür eləmirsən.
Dərsliklərimizdə qullar haqda çoxlu ibrətamiz, nifrətamiz rəvayətlər yazılmalıdır. Neronun sirki, Kaliqulanın atı, Kleopatranın ilanı, nə bilim, Tomrisin tuluğu, İsgəndərin buynuzu… Bunlar hamısı aktual temalardır, sadəcə gərək söhbəti tutasan. Bir növ, Morze əlifbası kimi. Sən burdan nöqtə və tireləri tıqqıldat, oxucu da o yanda beyin radiostansiyasını gücə salıb kodları açsın. Məsələn, deyilənə görə Kaliqula öz atını senator və konsul (Qədim Romada deputatxana üzvü növləri) seçdirmişdi. Atın adı İnsitat olmuşdur, mənası “sürətli” deməkdir.
Heyvanlar və Ezop, təmsillər temasının başını bağlamamış məşhur polyak Stanislav Yeji Lets-dən bir müdrik fikri də yazaq, çünki durumu olduqca dəqiq təsvir eləmişdir: “Siyasi nağılların qəhrəmanları heyvanlardırsa, deməli dövr çox qeyri-insani dövrdür”.