İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq vurulacaq (VİDEO)
İranda müğənni Parastu Əhmədi və onun prodüser komandasından səkkiz nəfər hicabsız çıxış etdiklərinə görə 74 şallaq zərbəsi cəzasına məhkum edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” nəşri məlumat yayıb.
Məlumata əsasən, Qum əyalətinin cinayət məhkəməsi həmçinin onlara iki il müddətinə ölkədən çıxış və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq qadağası qoyub. Onlar internetdə "ictimai əxlaqa zidd məzmun yaymaqda” ittiham olunublar.
Hadisə 2024-cü ilin dekabrında baş verən və "YouTube"da canlı yayımlanan konsertlə bağlıdır. 29 yaşlı Əhmədi "Az Khoone Javanane Vatan” ("Vətən gənclərinin qanından”) adlı vətənpərvərlik mahnısını hicabsız ifa edib. Videonun qısa müddətdə viral olduğu və milyonlarla baxış topladığı bildirilir.
Qısa müddət sonra müğənni və bir neçə musiqiçi saxlanılıb, daha sonra onlara qarşı rəsmi cinayət işi açılıb.
"The Guardian” yazır ki, hüquq müdafiəçiləri bu qərarı nümunəvi cəza kimi qiymətləndirirlər. İranda İnsan Hüquqları Mərkəzinin nümayəndəsi Bəhar Qandehari bildirib ki, bu hökm ölkədə insan hüquqları vəziyyətinin dəyişmədiyini göstərir və rejimin təbliğatı ilə real vəziyyət arasında ciddi fərq mövcuddur.
Aktyor və ictimai xadim Setareh Maleki isə Əhmədinin çıxışının ona güclü təsir etdiyini deyib və müğənninin bütün risklərə baxmayaraq oxumaqdan imtina etmədiyini vurğulayıb.