511 milyonu toplayıb Uruqvaya qaçan Mehmet Aydın Azərbaycanda kimləri aldadıb?
Türkiyədə keçmiş restoran qabyuyanı və arıçılıq təsərrüfatının fəhləsi Mehmet Aydın qurduğu misli görünməmiş dələduzluq sxemi sayəsində on minlərlə insandan 511 milyon TL pul toplayaraq Uruqvaya qaçıb.
Virtualaz.org xəbər verir ki, bu qalmaqal günlərdir Türkiyə gündəminin əsas mövzularından biridir.
27 yaşlı Mehmet Aydın əvvəlcə internetdə “Çiftlik bank” adlı oyun yaradıb. Bu oyuna qatılanlar “virtual heyvan” alaraq onları Aydının qurduğu virtual “fermada” saxlayır və bir müddət sonra həmin “heyvanların” satışından gəlir əldə edirdi. Mehmet Aydın virtual aləmdə bu oyun sayəsində bir miqdar pul toplayır və cəmi 4-5 ay sonra Bursanın İnegöl qəsəbəsində özünə 250 baş iribuynuzlu heyvan tutumlu real ferma açır. Və qurduğu oyunu real investisiya bankına çevirir. Onun bankı müştərilərinə hər 1000 TL yatırım üçün 1 il sonra 1200-1800 TL təmiz gəlir vəd edirdi.
Mehmet Aydının heyvandarlıq və quşçuluq sahəsinə investisiya yatırmağı nəzərdə tutan bu investisiya bankçılığı tezliklə populyarlaşır. Onun bankına Türkiyədən, o cümlədən Azərbaycan Almaniya, Amerika və Dubaydan cəmi 78 minə yaxın adam 511 milyon TL yatırım qoyur. Bu pulların bir qisminə Türkiyədə arıçılıq, heyvandarlıq və quşçuluq təsərrüfatları qurur, müştərilərinə dividendlər ödəməyə başlayır. Lakin son iki ayda dividendlərin ödənilməsi kəsilir və məlum olur ki, Mehmet Aydın topladığı pulların böyük qismi ilə birlikdə yoxa çıxıb.
Araşdırmalar nəticəsində bu dələduzluq sxeminin banisinin Uruqvaydan vətəndaşlıq aldığını və həmin ölkəyə qaçdığı, orada dəbdəbəli malikanədə yaşadığı üzə çıxıb. Mehmet Aydının hazırda boşanmış keçmiş arvadı Şila Aydın deyib ki, o ərinin Uruqvaydan vətəndaşlıq almasından xəbərsiz olub. Şila Aydın bildirib ki, əri topladığı pulların əsas hissəsini Kiprdə qurduğu offşor şirkətin hesabına yatırırdı. Qadının dediyinə görə, Mehmet Aydın Türkiyədə bitkoin ferması da qurmağa və şirkət adına çatışmayan pulları bitkoin hesabına ödəməyi nəzərdə tuturdu. Bu məqsədlə o, xaricdən 1000-2000 arası bitkoin avadanlığı alıb, amma avadanlıqlar dövlət tərəfindən müsadirə edilib.
Şila Aydın deyir ki, əri Azərbaycan və digər xarici ölkələrdəki müştərilərinin gözündə sanballı görünmək üçün Dubayda da şirkət qurmuşdu. Bu şirkətdə səhmlərin 30 faizini öz adına, qalanını isə şirkətinin Türkiyə genel müdirinin rəhbərinin oğlunun adına rəsmiləşdirmişdi. O, ərini sonuncu dəfə bu il yanvarın 3-də İstanbulda gördüyünü deyib.
Mehmet Aydın isə üç gün əvvəl Uruqvaydan səs yazısı yayaraq aldatdığı müştərilərinə “keçmiş olsun” mesajı göndərib, habelə bildirib ki, onların pullarını bitkoinlə qaytaracaq.