Bu şəxslərə yeni mənzillər veriləcək
Goranboy rayonunda ötən ilin noyabrında qəzalı vəziyyətə düşərək söküntüsünə başlanılan binaların sakinləri yeni mənzillə təmin olunacaqlar.
Azia.az report-a istinadən xəbər verir ki, bu barədə rayon Fövqəladə Hallar Komissiyasından bildirilib.
Qeyd olunub ki, şəhərin Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən qəzalı yaşayış binalarının sökülməsi mərhələli şəkildə həyata keçirilir. Ərazidə yerləşən 16 mənzilli, 3 bloklu ikimərtəbəli yaşayış binasının söküntüsü artıq tam başa çatdırılıb. Bir bloku tam uçan binada isə söküntü işləri davam etdirilir. Həmçinin 60 mənzilli, 6 bloklu beşmərtəbəli yaşayış binasının söküntüsü zamanı uçan mənzillərdə qalan sakinlərin əşyaları çıxarılaraq təhvil verilib.
Bildirilib ki, sökülən binaların sakinlərinin kirayə xərclərinin müvafiq dövlət qurumları tərəfindən ödənilməsi təmin olunub. Həmin binaların yerində isə yeni yaşayış kompleksinin salınması planlaşdırılır. Layihə çərçivəsində sakinlərin sözügedən kompleksdə yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2025-ci ilin noyabr ayında Goranboy şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində tavanın çökməsi nəticəsində iki nəfər xəsarət almışdı. Hadisədən sonra bina qəzalı elan olunmuş, sakinlər isə təxliyə edilmişdi.