Türkmənistanın Dövlət Kitabxanasında "Azərbaycan Ədəbiyyatı Guşəsi"nin açılışı olub
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkənin Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Kitabxanasında "Azərbaycan Ədəbiyyatı Guşəsi"nin açılışı olub.
"Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, mərasimdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursahed Şirimov, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, eləcə də hər iki ölkənin mədəni-ictimai xadimləri, ədəbiyyat adamları və media mənsubları iştirak edib.
Açılış nitqi ilə çıxış edən Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov yaradılan guşənin qardaş ölkələrin ədəbi əlaqələri üçün mühüm vasitə adlandırıb.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov da öz növbəsində bu kimi təşəbbüslərin mədəni sahədəki əməkdaşlığın inkişafı baxımından əməli addım olduğunu deyib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov isə jurnalistlərə açıqlamasında bununla da dünyanın 19 ölkəsinin 19 paytaxt şəhərində Azərbaycan ədəbiyyatı guşəsinin yaradıldığını bildirib.
Professor sözügedən istiqamətdə bundan sonra da fərqli-fərqli ölkələrdə təşəbbüslərin davam etdiriləcəyini qeyd edib.
Kərim Tahirov bildirib ki, "Azərbaycan Ədəbiyyatı Guşəsi"nin yaradılması məqsədilə təxminən 100 kitab gətirilib.
"Bundan əvvəl də Türkmənistan tərəfinə müxtəlif nəşrlər təqdim olunub. Bu kitablar sərgi üçün deyil, daimi istifadə məqsədilə kitabxanaya hədiyyə olunur və burada qalacaq. Hər il bu fond yeni nəşrlərlə zənginləşdiriləcək".
Direktor qeyd edib ki, guşənin əsas məqsədi Azərbaycanla bağlı yeni kitabların oxuculara davamlı şəkildə təqdim edilməsidir.
Çıxışların ardınca Azərbaycan ədəbiyyatı, tarix və mədəniyyətini əks etdirən nəşrlər nümayiş olunub.
Daha sonra XVIII əsr Azərbaycan şairi və mütəfəkkiri Molla Pənah Vaqif və türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.
Konfransda çıxış edənlər hər iki söz ustadının türk dünyasının ortaq mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Bildirilib ki, onların zəngin ədəbi irsi Azərbaycan və Türkmənistan xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsinə bu gün də töhfə verir.
Tədbir iştirakçıları Vaqif və Məhtimqulu yaradıcılığının oxşar cəhətlərindən, humanizm, vətənpərvərlik və mənəvi dəyərləri tərənnüm edən əsərlərinin türk dünyasının ədəbi irsində xüsusi yer tutduğundan bəhs ediblər.
Konfrans müzakirələr və fikir mübadiləsi ilə davam edib.