Ramazan Hüseynovun Kənd Təsərrüfatının inkişafı barədə konsepsiyası
Ramazan Hüseynov, Tarixçi-alim
Aqrar sahədə islahatların sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün Ramazan Hüseynov yeni təkliflər paketi hazırlayıb. Layihə mayın 25-də kənd təsərrüfatına dair keçirilən müşavirədə dövlət başçısının qaldırdığı məsələlər və qarşıya qoyduğu tapşırıqlar əsasında ərsəyə gəlib.
Təkliflərdə aqrar sektorun inkişafı, idxaldan asılılığın azaldılması və fermerlərin fəaliyyətinin stimullaşdırılması üçün vacib istiqamətlər yer alıb.
Ramazan Hüseynovun fikrincə, ölkənin hər regionunun təbiətinə və iqlim şəraitinə uyğun olaraq bitkiçilik və ya heyvandarlığın inkişaf yolları müəyyən edilməlidir. Bu məqsədlə dövlət başçısının çıxışından irəli gələn tapşırıqların regionlarda sahə mütəxəssisləri ilə geniş müzakirə olunması təklif edilir. Eyni zamanda, ölkəyə idxal olunan gübrələrin keyfiyyətinin təmin edilməsi üçün bu sahəyə nəzarətin ciddi şəkildə artırılması zərurəti vurğulanır.
Hazırda Avropadan gətirilən iribuynuzlu damazlıq heyvanlardan sadə vətəndaşların yararlanması qarşısında müəyyən maneələr mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin 2 fevral 2022-ci if tarixli qərarına əsasən, vətəndaşın qeydiyyatdan keçmiş təsərrüfatı və minimum 62 baş sağmal malı olmalıdır. Bu şərt fiziki şəxslərin və kiçik təsərrüfat sahiblərinin layihədən kənarda qalmasına səbəb olur. Həmin qərarın yenidən nəzərdən keçirilməsi və ləğv edilməsi təklif olunur.
"Cənab Prezidentin bu müşavirədə söylədiyi nitq demək olar ki, kənd təsərrüfatının bütün sahələrini əhatə etdi. Cənab Prezident bu sahədə olan nailiyyətlərimizlə yanaşı, kənd təsərrüfatının bir çox sahələrində olan çatışmamazlıqları aşkar formada qeyd etdi.
Mən bir vətəndaş olaraq Prezidentin bu çıxışını diqqətlə izlədim və bu çatışmamazlıqları necə aradan götürməyin yollarını bu sahəni bilən bir şəxs olaraq aşağıda izah edəcəyim formada görürəm.
1)Cənab Prezidentin bu çıxışı Respublikanın bütün regionlarında bu sahənin təcrübəli mütəxəssisləri ilə geniş müzakirə olunmalıdır.
2)Ölkənin ayrı-ayrı regionlarında hər regionun təbiətinə və iqlim şəraitinə uyğun olaraq bitkiçilik və yaxud heyvandarlığın məhsuldar formasının inkişafı yollarının müəyyən edilməsi.
3)Ölkəyə idxal olunan gübrələrin keyfiyyətini təmin etmək üçün bu sahəni ciddi nəzarətə götürmək
4)Ölkəyə Avropa ölkələrindən gətirilən iribuynuzlu damazlıq cins düyələrin gətirilməsini və bu sahədə maneələri dərhal aradan götürmək. Belə ki, ölkəyə gətirilən bu tip mallardan sadə vətəndaşlar da yararlanmalıdır.
Layihənin Kənd Təsərrüfatı Nazirliyinin 02.02.2022-ci il tarixli qərarı kasıb kəndlilərin, yəni fiziki şəxslərin və cənab Prezidentin kasıb əhali üçün nəzərdə tutduğu bu layihədən yararlanmasına imkan vermir. Açıq desək, bu, gətirilmiş Avropa cinslərindən yararlanmaq üçün yuxarıda göstərdiyimiz qərara əsasən vətəndaşın qeydiyyatdan keçmiş təsərrüfatı olmalı və təsərrüfat minimum 62 baş sağmal malı olmalıdır. Hesab edirik ki, bu qərarda yanlışlıq var. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin 02.02.2022-ci il tarixli qərarı ayrı-ayrı mütəxəssislərin iştirakı ilə müzakirə edilərək ləğv olunmalıdır.
5) Ölkədə damazlıq mal-qaranın keyfiyyətli formada baş sayını artırmaq üçün MDB ölkələrinin tanınmış damazlıq təsərrüfatlarından iri və xırda buynuzlu məhsuldar cinslərin ölkəyə gətirilməsinə münbit şərait yaratmaq lazımdır. Belə ki, cins heyvanlar gətirilərkən tətbiq olunan gömrük rüsumlarından azad olunması və həmin heyvanların subsidiyalaşdırılmasını təmin etmək lazımdır.
6) Ölkəyə idxal olunan sağlam, diri, ətlik heyvanlara qoyulan gömrük rüsumunun müvəqqəti ləğvi, yəni yerli istehsal ölkə əhalisinin təminatını tam ödəyənədək.
7) Cavan yaşlı iri və xırda buynuzlu, gələcəkdə balavermə qabiliyyəti olan heyvanların kütləvi kəsilməsinin qarşısının alınması. Yəni, bu məsələni həll etmək üçün regionlardan mütəxəssislərin seçimi və nəzarəti altında xüsusi təsərrüfatların təşkil olunması.
8) Qışlaqlarda olan örüş otlaq sahələrinin istifadəsinə dair sovetlər dövründən qalmış çoxdan müzakirəyə çıxarılaraq ləğv olunmalı olan qərarı bu günkü tələbata uyğunlaşdıraraq dəyişdirmək. Belə ki, adıgedən bu köhnə qərara görə fermer öhdəsində olan örüş sahəsinin yalnız 3 (üç) %-də 1 il müddətinə yem bitkisi əkə bilər. Nəzərinizə çatdırıram ki, bu o halda nəzərdə tutulurdu ki, həmin örüş sahəsində otarılan iri və yaxud xırda buynuzlu heyvanları digər şirəli yemlərlə təmin edilirdi. İndi isə dövlət təsərrüfatı yoxdur, bütün xərcləri fermerlər özləri çəkir. Ona görə də təklif edirik ki, fermerlərin öhdəsində olan qış otlaq örüş sahələrində qışlamanı yaxşı keçirmək və yaxşı məhsuldarlıq əldə etmək üçün 3 (üç) % yox, ən azı minimum olaraq 10-15 %-ə çatdırmaq lazımdır. Yonca bitkisi barədə xüsusi qərar qəbul etmək lazımdır. Çünki yonca çoxillik bitkidir və torpağı təbii olaraq azot gübrəsi ilə zənginləşdirir.
9)Zərurət yarandıqda fermerin öhdəsində olan örüş otlaq sahəsinin mütəxəssis rəyini nəzərə almaqla bir hissəsinin əkin sahəsinə çevrilməsi barədə müraciətini süründürməçilik etmədən qanun çərçivəsində dərhal həll etmək.
10)Xaricdən gətirilən damazlıq iri və xırda buynuzlu cinslərlə yanaşı, yerli məhsuldar cinslərin baş sayının artırılmasına xüsusi nəzarət etmək.
Taxılçılıq barədə:
Həmin müşavirədə cənab Prezident ərzaq buğdasına olan tələbatımızın yalnız 50-55 faizini yerli istehsalın gücünə təmin etdiyimizi vurğuladı və bu sahədə əsaslı dönüş yaratmağı Kənd Təsərrüfatı Nazirliyi qarşısında mühüm vəzifə olaraq qoydu. Mən belə hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu məsələnin öhdəsindən gələcək, əgər növbəti məhsul ilində şiddətli quraqlıq olmasa...
Nəzərinizə çatdırıram ki, həmin müşavirədə cənab Prezident bütün sahələrdə subsidiyaların məhsuldarlığa görə ödənilməsini qeyd etdi. Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədov da subsidiyaların məhsuldarlığa uyğun verilməsini öz çıxışlarında vurğulamışdır.
Lakin cənab Prezidentin 05.05.2022-ci il tarixli Azərbaycan Respublikasında Ərzaq Təhlükəsizliyinin Təmin Edilməsi barədə olan qərarının effektiv formada həyata keçirilməsini təmin etmək əvəzinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.09.2022-ci il tarixdə Ağsu rayonunda Ağsuaqroparkında təşkil etdiyi toplantıda qərara alınmışdır ki, yalnız və yalnız pivot suvarma sistemləri (yəni süni çilənmə üsullarıyla) altında yetişdirilən buğda sortları ərzaq buğdası hesab olunsun. Cənab Prezidentin yuxarıda adıgedən sərəncamından irəli gələn məhsuldarlığa görə sadə kasıb ənənəvi üsulla yaxşı məhsul əldə etmiş vətəndaşların yetişdirdiyi buğda ərzaq buğdası hesab edilmir və Prezidentin məhsuldarlığa görə onlara nəzərdə tutduğu hər kiloqrama əlavə olaraq 10 qəpik pul ödənilməsindən məhrum edir.
Hesab edirəm ki, Nazirlər Kabinetinin 12.09.2022-ci il tarixli qərarında dəyişiklik edilməlidir. Bütün subsidiyalar keyfiyyətli məhsuldarlığa və vaxtlı vaxtında verilməlidir. Qərarlar heç bir dolaşıqlıq yaratmadan həyata keçirilməlidir. Hesab edirəm ki, Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov da bu qərarın əhalinin xeyrinə dəyişdirilməsinin tərəfdarı olar.
Yerlərdə Bələdiyyə Kooperativlərinin yaradılması.
Mən hesab edirəm ki, yerlərdə əhalini işlə təmin etmək üçün dövlət dəstəyi ilə yaradılan iri aqroparkların əksəriyyəti aqroparkın yaradılacağı nəzərdə tutulmuş ərazilər hansı bələdiyyəyə məxsusdursa, elə həmin bələdiyyələrin rəhbərliyi altında payı bəlli bələdiyyə təsərrüfatı formatında yaradılsın.
Məlum məsələdir ki, bələdiyyə seçkili orqandır və eyni zamanda həmin ərazidə yaşayan əhalinin maddi-mənəvi və sosial maraqlarının təmin olunmasında cavabdeh bir funksiya daşıyır.
Əgər hökumət mənim bu təklifimi məqbul hesab edərsə, mən bir neçə vətənpərvər mütəxəssislərlə birlikdə bələdiyyə kooperativlərinin yaradılması konsepsiyasını Milli Məclisə və hökumətə təqdim edə bilərəm.
Əlavə olaraq, işğaldan azad olunmuş ərazilərdə yeni məskunlaşan əhalinin işlə təmin olunması, hər bir məskunlaşan və məskunlaşacaq kəndlərdə bələdiyyə seçkiləri keçirilənədək “Kənd icma” kooperativlərinin yaradılması, inkişafı barədə də konsepsiya təqdim edə bilərəm", - o müraciətində bildirib.