Binaların eyvanlarını bağlamağa hansı hallarda icazə verilir? - AÇIQLAMA
“İstər yeni, istərsə də köhnə binalarda mərtəbədən asılı olmayaraq hər hansı konstruksiya dəyişikliyi etmək olduqca təhlükəlidir. Əsasən, daşıyıcı divarlara toxunmaq olmaz. Yeni binalarda fasad, yəni xarici görünüşünə zərər dəyməmək şərtilə içəridə yüngül - beton daşıyıcı divarları zədələmədən, qırmadan, sındırmadan yüngül konstruksiya dəyişikliyi etmək olar. Məsələn, kərpiclə arakəsmələri dəyişmək mümkündür, amma digər hissələrinə toxunmaq olmaz. Mətbəxin yerini dəyişdikdə isə ora çəkilən qaz xətlərini görünən yerdə, yəni çöldə olmaqla sayğaca yaxın əraziyə yerləşdirmək mümkündür. Ancaq bir nüans var, həmin yerdə pəncərə və bacaların olması əsas şərtdir. Əks halda, yaranmış korbon-monoksid qazından insanların boğulma təhlükəsi yaranar”.
Bu sözləri Pravda.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib.

O bildirib ki, eyvan layihədə əvvəlcədən tikilmiş kimi göstərilibsə, dəyişiklik etməyə icazə var, amma tamamilə eyvanı bağlamaq mümkün deyil: “Əgər layihədə eyvan dəmir barmaqlıqlarla göstərilibsə, qarşısı hörgülü deyilsə, bu zaman onu bağlamaq binanın fasad görüşünün pozulması deməkdir. Bu da qanunla qadağandır. Məsələn, həmi eyvanın ön hissəsini saxlamaq şərtilə yüngül konstruksiya ilə çöldən yox, eyvanın iç tərəfindən bağlamaq olar. Yəni dəmir barmaqlıqların arxasından hər hansı lövhə, plasmasla bağlamaq. “Cam balkon” isə yüngül konstruksiya sayıldığı üçün mənzil fövqəladə hallardan keçibsə, hər şey qaydasındadırsa, bu zaman “cam balkon” etmək problem sayıla bilməz. Ancaq bunun da texniki şərtləri var. Gərək eyvanı daşıyan məhəccər möhkəm olsun. Eyvan açıq sahə kimi saxlanılmalıdır. Yalnız möhkəmliyindən əmin olduqdan sonra onu yüngül konstruksiya ilə “cam balkon” etmək olar. Əsas şərt budur ki, binanın fasad görünüşü pozulmasın. Şəhərin bəzi yerlərində aşağıdan dirəklər ataraq eyvanı önə çəkirlər. Bakıda əsasən köhnə binalarında bu hallar tez-tez rastımıza çıxır. Bəzi hallarda üç-dörd kvadratlıq eyvanın yerdən ucaldılmış dirəklər vasitəsilə on-on iki kvadrata qədər artırırlar. Əslində, bu da qanunla qadağan edilib. Belə şeyə yol vermək olmaz. Bu, binanın təhlükəsizliyi baxımından yolverilməzdir. Hər an uçma təhlükəsi, digər sakinlərin zərər görməsi kimi hallar baş verə bilər. Eyvanı saxlayan güc onun ağırlığına uyğun hesablanaraq tikilib”.
Aytəkin Qardaşova